İctimai Televiziya və Radio Yayımları Şirkəti “Avroviziya 2021” Beynəlxalq Mahnı Müsabiqəsində ölkə təmsilçisi olan Samirə Əfəndinin mahnısını və klipini təqdim edib. İfaçı “Mata Hari” mahnısı ilə Rotterdamda səhnəyə çıxacaq.
Təqdim olunan mahnının müəllifləri niderlandlı Emi van der Vel, Coş Örl, Lyuk Van Birs (keçən il “Cleopatra” mahnısının müəlliflərindən biri idi) və Toni Kornelissendir (o, 2020-ci ildə “Cleopatra” mahnısının prodüseri idi).
Müsabiqənin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri İsa Məlikov mahnıdan danışarkən bunları qeyd edib:
“Mata Hari” mahnısı böyük ruh gücünə malik, risk etməkdən qorxmayan və əlbəttə ki, zamanı qabaqlayan güclü və müstəqil qadının həyat hekayəsindən ilhamlanmışdır. Buna görə günümüzdə hələ də onun hekayəsini danışırıq”.
Mahnıda ənənəvi Azərbaycan alətləri – zurna və nağaranın, eləcə də Azərbaycan xalq rəqsi yallının melodiyaları əsasında ərsəyə gəlmiş etnik motivlərdən istifadə edilib.
Bundan başqa, Azərbaycanın müsabiqədə iştirakı tarixində ilk dəfə olaraq mahnıda Azərbaycan dilində sətir var - “Yalan da mən, yanan da mən, yaman da mən”.
“Xanımlara güclü qadınlar haqqında danışıb, onlara xatırlatmaq mütləqdir ki, bizim hələ də mövhumatlarla dolu dünyada yaşamağımıza baxmayaraq, qadın hər şeyi bacarır və qadın gücü heç nə ilə müqayisə edilə bilməz. Əgər indi ilham axtarışındasınızsa, qoy tarixin güclü qadınları haqqında hekayələr o enerjinin mənbəyinə çevrilsin və sizə hər şeyin öhdəsindən gələ və daha böyük uğurlara nail ola biləcəyinizi xatırlatsın”, - deyə Əfəndi bildirib.
Mahnının klipi daha əvvəllər Zivert, Loboda, Maks Barskix və s. kimi məşhurlarla iş birliyi olan, quruluşçu rejissor və operator İlya Mixaylus tərəfindən Kiyevdə çəkilib.
Qeyd edək ki, Əfəndi Azərbaycanın “Avroviziya 2020” mahnı müsabiqəsində də təmsilçisi olub, lakin Avropa Yayım Birliyi (AYB) COVID-19 pandemiyası ilə əlaqədar müsabiqənin tarixində ilk dəfə olaraq onu ləğv edib.
Şüarı “Open up!” olan müsabiqənin yarımfinal mərhələləri may ayının 18-i və 20-də, final mərhələsi isə mayın 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcək. Azərbaycan təmsilçisi birinci yarımfinalda çıxış edəcək.