azerbaycanin-ikt-sektorunda-yaranan-elave-deyerin-udm-de-xususi-cekisi-azalib

Azərbaycanın İKT sektorunda yaranan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi azalıb

Azərbaycanın İKT sektorunda 2018-ci ildə yaranan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 1,4% təşkil edib ki, bu göstərici 2017-ci ilin nəticələri ilə müqayisədə 0,1 faiz bəndi azdır.

İnsider.az xəbər verir ki, bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən bildirilib.

Komitənin məlumatına görə, bu göstərici rabitə sektoru üzrə 2018-ci ildə (2017-ci illə müqayisədə) 0,1 faiz bəndi azalaraq cari ilin yanvarın 1-nə 1,2% təşkil edib.

Hesabat ilində ölkədə İKT müəssisələri tərəfindən əsas kapitala yönəldilən investisiyalarının həcmi 183,7 mln. manat təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 8% çoxdur.

İKT sektorunda yaradılan əlavə dəyərin həcmi 2018-ci ildə 1 112,0 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisini 7,1% üstələyir. Rabitə sektoru üzrə bu göstərici ötən il ərzində 3,7% artaraq 923,4 mln. manat təşkil edib.

Ötən il üzrə Azərbaycan İKT-nin inkişaf indeksi 6,33 təşkil edib, halbuki 2017-ci ildə bu göstərici 6,2 olub.