azerbaycanin-kreditden-imtina-etdiyini-iyunun-23-de-oyrendik

"Azərbaycanın kreditdən imtina etdiyini İyunun 23-də öyrəndik"

Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə üçün ayrılması nəzərdə tutulan 95 milyon dollar məbləğində kreditdən imtina edib.

Bu barədə Dünya Bankının (DB) Bakı ofisindən məlumat verilib.

“Azərbaycan hökumətinin sorğusu əsasında COVID-19-un əhalinin sağlamlığına və sosial-iqtisadi sahələrə təsirləri ilə mübarizə istiqamətində ölkə hökumətinin səylərinin dəstəklənməsi məqsədilə belə bir əməliyyatı müzakirə etmişdik. İyunun 23-də Azərbaycanın Maliyyə Nazirliyindən öyrəndik ki, hökumət bu mexanizm çərçivəsində layihənin təşviq edilməməsi barədə qərar qəbul edib”, - deyə DB-dən qeyd ediblər.

Eyni zamanda, DB-dən bildiriblər ki, ölkə yenidən pandemiyadan çıxdıqca, bank onun dayanıqlı və inkluziv inkişafı yolunda dəstəyini davam etdirməyə sadiqdir.

Xatırladaq ki, Dünya Bankının Bakı ofisinin rəhbəri Sara Maykl bu həftə bildirmişdi ki, bu kreditin yaxın 2-3 ay ərzində sürətləndirilmiş prosedur üzrə təsdiq edilməsi planlaşdırılır. “Azərbaycan hökumətinin COVID-19 infeksiyası ilə əlaqədar müəyyən gözlənilməz xərcləri olub. Xüsusilə, bu xərclər infeksiyaya qarşı mübarizə tədbirləri, biznesə dəstək, əhalinin aztəminatlı təbəqələrinə sosial dəstəklə bağlı olub. DB-nin krediti Azərbaycan hökumətinə bu xərcləri qismən kompensasiya etməyə imkan verəcək”, - deyə Maykl vurğulayıb.

İnterfaks-Azərbaycan