azerbaycanin-xarici-ticaret-dovriyyesinin-hecmi-yanvar-mayda-6-8-artib

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi yanvar-mayda 6,8% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 102 ölkəyə məhsul ixrac olunmuş, 163 ölkədən idxal olunub.

İnsider.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 14 074,2 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 8 240,0 mln. dollar, idxalın dəyəri 5 834,2 mln. dollar təşkil edib, nəticədə 2 405,8 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 16,5%, o cümlədən idxal 51,3%, ixrac 0,1% artıb. Real ifadədə isə dövriyyə 6,8%, o cümlədən idxal 20,4%, ixrac 0,4% artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 29,7%-ni İtaliyaya, 11,4%-ni Türkiyəyə, 7%-ni Çinə, 5,6%-ni Hindistana, 5,5%-ni Almaniyaya, 5,2%-ni İsrailə, 5%-ni İspaniyaya, 3,9%-ni Çexiyaya, 3,4%-ni Gürcüstana, 3,2%-ni Rusiyaya, 3%-ni Fransaya, 2,5%-ni Portuqaliyaya, 14,6%-ni isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Azərbaycana idxal olunmuş məhsulların ümumi dəyərinin 14,2%-i İsveçrə, 14%-i Rusiya, 9,7%-i Türkiyə, 8,3%-i Çin, 6,6%-i ABŞ, 4,8%-i Almaniya, 4,6%-i İran, 3,6%-i Kanada, 3,5%-i Avstraliya, 3,1%-i Ukrayna, 2,7%-i İtaliya, 2,1%-i Fransa, 2%-i Qazaxıstan, 20,8%-i isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Bu ilin yanvar-may aylarında Azərbaycandan 786,6 mln. dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilib ki, bu da 2018-ci ilin yanvar-may aylarına nisbətən faktiki qiymətlərlə 17,8%, real ifadədə isə 12,6% çoxdur. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,2%), Türkiyəyə (23%), Gürcüstana (9,8%), İsveçrəyə (6,7%), İtaliyaya (3,6%), Ukraynaya (2,2%), Yunanıstana (2%), İrana (1,9%), Çinə (1,8%), Niderlanda (1,45) və Almaniyaya (1,4%) göndərilmiş malların payı üstünlük təşkil edib.

Cari ilin yanvar-may aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 19,7%, təzə meyvə – 36,8%, kartof – 18,2%, şəkər – 3,9%, tütün – 1,7 dəfə, meyvə və tərəvəz şirələri – 31,4%, meyvə və tərəvəz konservləri – 11%, marqarin, qida üçün yararlı digər qarışıqlar – 28,8%, pambıq lifi – 2,9 dəfə, pambıq ipliyi – 1,6 dəfə, qara metallardan yarımfabrikatlar – 5,7 dəfə, bentonit gili – 20,3% artıb, çay ixracı isə 1,3%, bitki yağları – 25,1%, təbii üzüm şərabları və üzüm suslosu – 25,2%, polietilen – 4,9%, emal olunmamış alüminium – 16,3%, qara metallardan borular – 77,4% azalıb.

Ötən ilin yanvar-may ayları ilə müqayisədə hesabat dövründə buğda idxalı 14,6%, təzə meyvə – 4,6%, xam şəkər və şəkər – 6,2 dəfə, kartof – 13,3%, çay – 2,9%, quş əti və onun əlavə məhsulları – 18%, mal əti – 0,7%, təzə tərəvəz – 39,3%, minik avtomobilləri – 2,2 dəfə, qara metallardan çubuqlar – 20,7%, hesablama maşınları, blok və qurğuları – 42%, mebellər – 8,9%, rezin şinlər – 3,6%, polietilen – 20%, məişət kondisionerləri – 1,9 dəfə, yük avtomobilləri – 1,7 dəfə, paltaryuyan maşınlar – 1,1%, qara metallardan künclüklər – 15,9%, avtobuslar – 1,9 dəfə artıb, bitki yağı idxalı isə 23,3%, siqaret – 39%, kərə yağı, digər süd yağları və pastaları – 11,6%, qara metallardan borular – 6,9%, polad prokatı – 2,7%, mineral gübrələr – 5,6%, sement və sement klinkerləri – 29,5%, məişət soyuducuları – 9,1% azalıb.

©APA-Economics