Azərbaycanla İran arasında preferensial (tərcihli) ticarət haqqında sazişin sənədi tam razılaşdırılıb.
Bunu İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlət komissiyasının həmsədri Şahin Mustafayevlə görüşündə deyib.
M. Vaezi qeyd edib ki, artıq yaxın 1 ay ərzində bu saziş imzalana bilər. Tərcihli ticarət sazişinin imzalanması ilə Azərbaycan və İran arasında əlaqələr daha da inkişaf edəcək.
M. Vaezi müştərək iqtisadi komissiyanın fəaliyyətini yüksək qiymətləndirərək bu komissiyanın işi nəticəsində bir çox məsələlərin həll olunduğunu bildirib: "Bu günədək Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Həsən Ruhani arasında 13 görüş keçirilib. Rəsmi Tehran cənab İlham Əliyevin Tehrana növbəti səfərinə ev sahibliyi etməyə hazırdır. Nazirlər səviyyəsində 100-dən çox nümayəndə gediş-gəliş edib. İki ölkə arasında 40-dan çox sənəd imzalanıb. Bütün bunlar əlaqələrin inkişafı üçün atılmış addımlardır. Koronavirusun yayılmasına görə məhdudiyyətlərə baxmayaraq Azərbaycan və İran arasında əlaqələr davam etdirilir və maneələr aradan qaldırılmaqla əməkdaşlıq artmaqdadır".
İranın hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyən M. Vaezi Azərbaycan rayonlarının işğaldan azad olmasının sevindirici olduğunu qeyd edib. O bildirib ki, artıq regionda yeni imkanlar yaranıb və bu imkanlardan istifadə edib, iqtisadi əlaqələri daha da genişləndirmək zərurəti meydana çıxıb. Yeni şəraitdə ölkələr arasında çoxtərəfli əməkdaşlıq üçün zəmin yaranıb.
Administrasiya rəhbəri vurğulayıb ki, Qarabağın bərpasında İran şirkətləri də iştirak etməyə hazırdır.
Öz növbəsində, Ş. Mustafayev bildirib ki, Qarabağın işğaldan azad edilməsi regionda yeni vəziyyətin yaranmasına səbəb olub. Bu, region dövlətlərinin qarşılıqlı iqtisadi əlaqələr qurması üçün geniş imkanlar yaradıb.
O əlavə edib ki, Bakı-Naxçıvan dəmir yolunun yenidən qurularaq istismara verilməsi Rusiya, Azərbaycan, İran, Türkiyə, Gürcüstan və Ermənistanın bir-biriləri ilə iqtisadi-ticarət əlaqələri yaratmasına imkanı verəcək. Nəqliyyat və tranzit sahəsində faydalı əməkdaşlıq əlaqələri qurulacaq.
Ş. Mustafayev iki ölkə arasında imzalanan sənədlərin icrası üzrə işlərin davam etdiyini də nəzərə çatdırıb.
Azərbaycanla İran arasında preferensial (tərcihli) ticarət haqqında sazişin imzalanması ilə Azərbaycan və İran arasında iqtisadi əlaqələrin inkişafının daha da artacağını deyən “Müştərək layihələrin icrasının tezləşdirilməsi, o cümlədən Xudafərin bəndi layihəsinin və iki ölkə arasında sənaye sahəsində əməkdaşlığın xüsusilə İran şirkətlərinin azad olmuş ərazilərin yenidən qurulmasında iştirakı məsələlərini ciddi şəkildə diqqətdə saxlayacağıq”, - Ş. Mustafayev bildirib.
APA