azerbaycanli-alim-delta-stamminin-esas-tehlukesinden-danisdi

Azərbaycanlı alim “Delta” ştammının əsas təhlükəsindən DANIŞDI

“Delta” virusa yoluxan şəxslərin 40-50 faizi hər iki peyvəndi almış şəxslərdir. Maraqlı məqam isə həmin şəxslərin hansı peyvəndi almalarıdır. 

Bunu  açıqlamasında Almaniyanın Köln şəhərində yaşayan Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

O bildirib ki, koronovirusun “Delta” variantına yoluxmanın sürətlə artması onu göstərir ki, virusun yoluxduruculuq qabiliyyəti daha əvvəlki variantlarından yüksəkdir:

“Koronavirusun “Delta” variantı ilə bağlı Danimarkadan və İngiltərədən elmi əsaslı statistik məlumatlar var. İngiltərənin elmi əsaslı statistikalarına əsasən, hər həftə ötən həftəyə nisbətən yoluxma saylarında 50 faiz artım müşahidə edilir. Amma bu variantın yoluxduruculuq qabiliyyətinin faiz etibarı ilə nə qədər yüksək olduğunu demək üçün əlimizdə kifayət qədər elmi əsaslı məlumatlar yoxdur. Bu istiqamətdə aparılan elmi tədqiqat işləri də bitmək üzrədir.

Digər məqam isə ikinci yoluxduruculuq əmsalıdır. Məsələn, ev şəraitində bir insan “Delta” virusuna yoluxub və qapalı məkana daxil olur. Hələ bəlli deyil ki, o insan ətrafında olan insanların neçə faizini bu virusa yoluxduracaq. Koronavirusun “Delta” variantının yoluxdurma əmsalı bu mənada “Britaniya ştamm”ından da yüksəkdir. Bütün bunlar onu deməyə əsas verir ki, canlı ünsiyyətlər təhlükəlidir. Bildiyimiz qızıl qaydalara yenidən ciddi riayət etməliyik, yenidən sərtləşdirilmiş karantin rejimləri tətbiq edilməlidir”.

N.Abdullayev virusun “Delta” variantının ölkəmizdə aşkarlanacağı təqdirdə ondan necə qorunmalı olduğumuz barədə də məlumat verib:

“Bu virusun elə bir variantı deyil ki, heç bir şəkildə onun qarşısının alınması yolları olmasın. Bizim bu günə qədər bildiyimiz qızıl qaydalar - tibbi maskadan istifadə, gigiyenik normalara ciddi surətdə əməl etmək və sosial məsafənin qorunması virusdan qorunmaq üçün ilkin qabaqlayıcı tədbirlərdir.

Eləcə də peyvəndlərlə bağlı da fərqli nəticələr var. Başa düşmək lazımdır ki, əsas təhlükə canlı ünsiyyətdir və sərt karantin rejiminin yenidən tətbiqidir”.

“Peyvəndlərlə bağlı isə ekspertlər tərəfindən rəy verilməmiş bir tədqiqat var. Digər tədqiqatlar başlayıb lakin, hələ ki tamamlanmayıb. Tədqiqat peyvənd alan şəxslərin virusun “Delta” variantından nə qədər qorunacağı ilə bağlıdır. Amma elmi tədqiqatlar bitməsə də əlimizdə kifayət qədər məlumatlar var. İsrailə nəzərə sala bilərik, onu populyasına görə Azərbaycanla müqayisə etmək olar. İsrailin rəsmi məlumatına görə, qeydə alınan yeni yoluxmaların böyük bir hissəsini koronovirusun “Delta” variantı təşkil edir. “Delta” virusa yoluxan şəxslərin 40-50 faizi hər iki peyvəndi almış şəxslərdir. Maraqlı məqam isə həmin şəxslərin hansı peyvəndi almalarıdır. Onu da qeyd edim ki, İsrail əhalisinin böyük əksəriyyəti “Pfizer” peyvəndi vasitəsilə vaksinasiyadan keçib.

Digər maraqlı məqamlar isə yoluxmanın vaksinasiyadan nə qədər sonra aşkarlanması və s. məsələlərdir. Peyvəndin gözlənilən effektivliyinin virusun “Delta” variantında müəyyən qədər aşağı düşür. Bu da özünü ekspertlərin hələ rəy vermədiyi elmi tədqiqatlarda göstərir.

İndoneziyada “Sinovac” peyvəndinin hər iki dozasını almış şəxslərin yenidən virusun “Delta” variantına yoluxmasına rast gəlinir. Bu peyvəndin hazırlanması və s. digərlərindən fərqlənir. Bütün bunları nəzərə alaraq bir neçə ölkədə artıq vaksinin üçüncü dozasının vurulması ilə bağlı müəyyən qərarlar qəbul olunmaq üzrədir. Burada da müvafiq ölkələr üçün peyvəndlər seçilir. Azərbaycan üçün önəmli olan isə daha effektiv peyvənd seçilməsidir. Eyni zamanda insanlara vaksinin üçüncü dozasının vurulmasının vacibliyi və zərurəti barədə məlumatlar verilməlidir”.

Oxu.Az