Azərbaycanlı tədqiqatçı-alim Seymur Nəsirov Misirdə Ümumdünya Fətva Evləri və Heyətləri Baş Katibliyinin müşaviri təyin edilib.
2015-ci ildə 21 ölkənin iştirakı ilə təsis olunmuş və hazırda 60-dan çox üzvü olan bu qurumun əsas məqsədi dünya alimlərini, həmçinin fətva evlərini bir araya gətirərək, dini radikalizm, islamofobiya ilə mübarizə aparmaq, habelə mövcud olan ümumbəşəri problemləri dialoq, alimlərin həmrəyliyi vasitəsilə elmi əsaslarda həll etməkdir.
Baş Katiblik din alimlərinin iştirakı ilə mötədil fətvalar sisteminin, ekstremizmə qarşı müştərək strategiyanın formalaşması istiqamətində fəaliyyət göstərir. Onun elmi və inzibati strukturuna ixtisaslaşmış kadrlar və alimlər daxildir. Baş Katibliyin dünyanın müxtəlif ölkələrindən olan ilahiyyatçı alimlərin və fətva evlərinin iştirakı ilə təşkil etdiyi illik elmi konfranslarda dünya müsəlmanlarının problemləri ətrafında geniş müzakirələr və təcrübə mübadiləsi aparılır, habelə təqdim olunan məruzələr qurumun dövri nəşrində dərc edilir.
Misirin Baş müftisi Şavki Əlləmin rəhbəri və ilahiyyatçı alim İbrahim Nəcmin Baş katibi olduğu Ümumdünya Fətva Evləri və Heyətləri Baş Katibliyinin müxtəlif ölkələrdə də filiallarının açılması, birgə elmi konfransların keçirilməsi də nəzərdə tutulur.
Artıq 26 ildir Misirdə yaşayan Seymur Nəsirov öz magistr və doktorluq elmi işlərini Azərbaycan və azərbaycanlı görkəmli şəxsiyyətlərlə bağlı ərəb mənbələrində tədqiqata həsr edib. O, həmçinin “Vətənpərvər” Misirdə Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin təsisçisi və rəhbəridir.
AZƏRTAC