azercell-in-desteyi-ile-fealiyyet-gosteren-usaq-qaynar-xett-xidmetine-2020-ci-il-erzinde-6657-muraci

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə 2020-ci il ərzində 6657 müraciət daxil olub!

Cəmiyyətimizin ən həssas, ən çox qayğı və diqqət tələb edən təbəqəsi uşaqlardır. Ölkəmizin parlaq gələcəyi üçün uşaqların sağlam mühitdə, qayğısız və problemsiz böyümələrini təmin etməliyik. Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidməti koronavirus pandemiyasının (COVİD-2019)  nəticəsi olaraq elan edilmiş qlobal sağlamlıq böhranı dövründə  gücləndirilmiş iş rejimində çalışaraq  ötən il 6657 uşağa yardım edib.

On ildən artıqdır ki, fəaliyyət göstərən  “Uşaq Qaynar Xətti” müxtəlif təzyiqlə üzləşən, hüquqları pozulan uşaq və yeniyetmələrə dəstək olub onları psixoloji və fiziki travmalardan qorumağa çalışır. Xidmətin əməkdaşları uşaqlara və övladları ilə  bağlı müəyyən problem yaşayan ailələrə həm sosial xidmət göstərir, həm də  hüquqi və psixoloji yardım edir.

Qaynar Xəttə daxil olan müraciətlər müxtəlif sahələri əhatə edən sual və problemlər ilə bağlı olur. Ötən il zənglərin bir çox hissəsi – 3602 müraciət təhsil sahəsi ilə əlaqədar olub. Xidmətə hüquqi sahə ilə bağlı 909, psixoloji problemlərlə bağlı 668, sosial sahəyə aid 501, səhiyyə sahəsi ilə bağlı 388 müraciət daxil olub. Zənglərdən 589-u digər sahələrə aiddir.

Qeyd edək ki,  2020-ci ildə xidmətə müraciət edən qızların sayı üstünlük təşkil edib ki, zənglərin 3494-ü qızlardan, 3129-u isə oğlanlardan daxil olub. Bu müraciətlərdən 5499-u 18 yaşdan yuxarı, 1124-ü isə 18 yaşdan kiçik vətəndaşlar tərəfindən daxil olub. Həmçinin 2020-ci il ərzində 34 anonim zəng qeydə alınıb.

Azyaşlı uşaqlarla bağlı zənglərin əksəriyyəti əvvəlki illərdə olduğu kimi yenə də əksər hallarda hüquqi problemlərlə əlaqədar olub. Bura boşanan valideynlərin övladlarını görməkdə çətinlik çəkməsi, uşaqlarda yaranan psixoloji problemlər və digər məsələlər daxildir.

2020-ci ildə COVID-19 pandemiyası ilə əlaqədar olaraq böyüklərlə yanaşı, azyaşlı və yeniyetmələrdə də bir sıra psixoloji problemlər yaranıb.  Daxil olan müraciətlərin əksəriyyəti pandemiyanın yaratdığı gərginlik və fobiyalar, eləcə də onlayn təhsil ilə bağlı olub. Müraciət edənlərə əsasən telefon vasitəsilə psixoloji yardım göstərilib, ehtiyac yarandığı təqdirdə isə karantin qaydalarına uyğun olaraq, fərdi və qrup terapiyaları həyata keçirilib.

Ötən ilin sonunda yaşadığımız Vətən müharibəsi ilə bağlı da “Uşaq Qaynar Xətt” xidmətinə bir çox müraciətlər daxil olub. Xüsusilə regionlardan- Ağdam və Gəncə bölgələrindən evlərini itirən, yaxınlarını itirmə qorxusu yaşayan, stress və travmaya məruz qalan uşaqlarla uğurlu reabilitasiya işləri aparılıb.

İl ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə paytaxt Bakı daxil olmaqla, ölkəmizin müxtəlif bölgələrindən müraciət edilib. Xidmətə Ağdam, Ağdaş, Zərdab, Goranboy, Göyçay, Şəki, Şamaxı, Gəncə, Qazax, Tovuz da daxil olmaqla 44 rayondan zənglər daxil olub. Hətta Azərbaycan hüdudlarından kənarda yaşayan soydaşlarımız da müəyyən problemlərlə bağlı xidmətə müraciət ediblər. Bunların sırasında Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Avstriya, Almaniya və Özbəkistandan daxil olan müraciətləri qeyd etmək olar. 

Qeyd edək ki, “ Ümidli Gələcək Sosial Təşəbbüslər” İctimai Birliyinin təşəbbüsü ilə yaradılan və “Azercell Telekom” MMC-nin dəstəyi ilə vətəndaşlara xidmət edən “Uşaq Qaynar Xətti” fəaliyyət dövrü ərzində 48007 müraciət cavablayıb. Mərkəzə daxil olan bütün müraciətlər məsləhətçi-hüquqşünas, psixoloq və sosial işçilər tərəfindən dinlənilir. Zəng edənlərə lazımi məsləhətlər verilir, ehtiyac yarandıqda onlar Uşaq Hüquqları Klinikasına yönləndirilir. Daxil olan müraciətlərin birbaşa xidmət çərçivəsində həll edilməsi mümkün olmadığı hallarda, Qaynar Xətt əməkdaşları müvafiq dövlət qurumları və QHT-lərlə birgə araşdırma aparırlar. 

“Azərbaycan Uşaq Qaynar Xətti”nə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi,  +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektron poçt, facebook və instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.