Kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadə mövzusunun mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alan “Azercell Telekom” MMC bu istiqamətdə təlimlərin keçirilməsini davam etdirir. Ölkəmizin müxtəlif bölgələrində "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" təlimlərini təşkil edən şirkət bu dəfə Quba şəhəri, H.Əliyev adına 1 N-li tam orta təshil məktəbində 6-9-cu sinif şagirdlərini, eləcə də onların müəllim və valideynlərini bir araya gətirib. 13-17 may tarixlərini əhatə edən təlimlərdə iştirakçılara internetdə olan təhlükələr haqqında nəzəri və praktiki məlumatlar, məktəbdənkənar təhdidlərin tanınması, onlarla mübarizə yolları haqqında məsləhətlər verilib. “Azərbaycan Müəllim İnkişafı Mərkəzi” tərəfindən keçirilən və 137 nəfərin iştirakı ilə baş tutan təlimlərdə sosial şəbəkələrdən səmərəli istifadə ilə bağlı tövsiyələri, uşaqlar üçün yaradılmış resursların siyahılarını, uşaqlara, eləcə də böyüklərə internetdən təhlükəsiz istifadənin əsaslarını təlqin edən materiallar təqdim olunub. Bundan əlavə, təlimlərdə internetdəki təhlükəli oyunlar, ekstremizm çağırışları, insanların şəxsi və maliyyə məlumatlarının oğurlanması kimi hallarla mübarizə yollarından bəhs edilib, internet təhlükəsizliyi, təhlükəsiz ev mühiti, şagirdlərin üzləşə biləcəyi çətinliklər haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, virtual dünyada uşaqların təhlükəsizliyinin təmin edilməsi mövzusuna həssaslıqla yanaşan Azercell “Universal Müdafiə”, “Android üçün müdafiə” və “Valideyn nəzarəti” xidmətlərinin də yer aldığı “Azercell Plus Təhlükəsizlik” proqramını istifadəyə verib. Bu proqram uşağın sosial şəbəkələrdə paylaşımlarını, dostlar siyahısındakı dəyişiklikləri izləməyə, onun qoşulduğu qruplardan xəbərdar olmağa, həmçinin yerini müəyyənləşdirməyə və onun üçün təhlükəsiz ərazi yaratmağa imkan verir.