azeri-ciraq-gunesli-yatagina-serf-edilen-esasli-mesrefler-azalib-resmi

“Azəri-Çıraq-Günəşli” yatağına sərf edilən əsaslı məsrəflər azalıb - RƏSMİ

2021-ci ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə fəaliyyətlərə təxminən 266 milyon dollar əməliyyat məsrəfləri və 846 milyon dollardan artıq əsaslı məsrəflər xərclənib.

“BP Azərbaycan”dan verilən məlumata əsasən, əməliyyat məsrəfləri 0,7 faiz, əsaslı məsrəflər 10,7 faiz azalıb.

Yarım il üçün AÇG-dən gündəlik orta hesabla 468 000 barel və ya ümumilikdə təxminən 85 milyon barel, yəni 11 milyon ton neft hasil olunub. Bu isə hasilatın ötən ilin birinci yarısı ilə müqayisədə 6 faiz azaldığını göstərir. 

Müvafiq dövrdə “Çıraq” platformasından gündəlik 30 000, “Mərkəzi Azəri” platformasından 111 000, “Qərbi Azəri” platformasından 118 000, “Şərqi Azəri” platformasından 78 000, “Dərinsulu Günəşli” platformasından 88 000 və “Qərbi Çıraq” platformasından 43 000 barel neft hasil edilib.

2021-ci ilin birinci yarısında AÇG layihəsi çərçivəsində yüksək sıxlıqlı seysmik tədqiqat aparılıb. Altı ay müddətində və üç gəmi vasitəsilə həyata keçirilən tədqiqat fəaliyyətləri təhlükəsiz və qrafikə uyğun şəkildə yerinə yetirilib.

İkinci rübün sonunda AÇG-də ümumilikdə 131 neft hasilat quyusu, 44 su injektor quyusu və səkkiz qaz injektor quyusu istismarda olub. Bu isə 2020-ci ilin birinci yarısına nəzərən əlavə iki neft hasilat, iki su injektor və bir qaz injektor quyusunun qazıldığını göstərir.

Birinci yarımil ərzində AÇG-də altı neft hasilat quyusu tamamlanıb. İlk neft hasilatından bəri AÇG-dən ümumi hasilat 3,9 milyard bareldən çox olub.

AÇG-nin illik iş proqramının bir hissəsi olaraq ikinci rübdə “Qərbi Azəri” platformasında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilib. Plana əsasən “Qərbi Azəri” platformasından hasilat təxminən 13 gün ərzində dayandırılıb ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin.

Qeyd edək ki, AÇG-də BP (30,37 faiz), SOCAR (25 faiz), MOL (9,57 faiz), İNPEKS (9,31 faiz), Ekvinor (7,27 faiz), EksonMobil (6,79 faiz), TPAO (5,73 faiz), İTOÇU (3,65 faiz), ONGC Videş Limited (OVL) (2,31 faiz) iştirak payına sahibdir.

Oxu.Az