“Azərkosmos” ASC 2019-cu ilin birinci yarımili üzrə dünyanın 20 ölkəsinə telekommunikasiya və optik peyk xidmətləri təqdim etməklə 21,2 milyon ABŞ dolları həcmində gəlir əldə edib.
İnsider.az xəbər verir ki, bu rəqəm ötən ilin analoji dövrünün göstəricisindən 47% çoxdur. 2019-cu ilin sonuna gəlirlərin 45 milyon ABŞ dolları olacağı proqnozlaşdırılır.
Gəlirin 90%-i peyk xidmətlərinin ixracından əldə olunub. Xidmət ixracının həyata keçirildiyi əsas ölkələr ABŞ, Fransa, Malayziya, Birləşmiş Krallıq, Almaniya və BƏƏ-dir. Ümumilikdə, birinci yarımil ərzində əlavə olaraq 9 ölkədən olan yeni müştərilərlə müqavilələr rəsmiləşdirilib. Peyklər vasitəsilə yayımlanan 150-dən çox televiziya və radio kanalının ümumilikdə 20 milyondan çox auditoriyası var.
“Azerspace-2” peykinin bu ilin fevral ayında baş tutan uğurlu biznes startı ilə “Azərkosmos” regional peyk xidmətləri bazarında artıq etibarlı və özünü təsdiq etmiş peyk xidmətləri operatoru mövqeyi qazanıb. Yeni peyk “Azərkosmos”a ABŞ, BƏƏ və Tanzaniyadan olan yeni müştərilərə xidmət göstərmək imkanı yaradıb.
Azərbaycan da daxil olmaqla Baltikyanı, Mərkəzi Asiya və Şərqi Avropa regionundan olan 13 ölkənin qurumları “Azersky” – Yer səthinin məsafədən müşahidəsi peykinin təsvirlərindən kənd təsərrüfatı, kartoqrafiya və xəritəçəkmə, ekoloji layihələndirmə, torpaqların təyinatı və monitorinqində istifadə ediblər.
©Trend.az