Cari ilin 5 yanvar tarixindən etibarən ölkədə Aİ-92 avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri üzrə tarif tənzimlənməsi aparılıb. Yeni tariflərin tətbiqindən sonra bəzi sahibkarların istehsal etdiyi malların qiymətini artırmaq cəhdinə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən xəbərdarlıq edildi.
Buna baxmayaraq bəzi şirkətlər istehsal etdiyi malların qiymətində süni artıma yol verərək əhali arasında haqlı narazılığa səbəb olurlar. Misal olaraq isə istehlak mallarını gündəlik olaraq istifadə etdiyimiz Azersun şirkətini göstərə bilərik. Belə ki, şirkətin istehsal etdiyi gündəlik tələbat mallarının qiymətinin artması haqlı olaraq narazılığa səbəb olub.
Tarif dəyişikliyindən sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mütəmadi aparılan monitorinqlərin intensivliyi daha da artırıldı.
İnsider.az xəbər verir ki, İqtisad elmləri namizədi, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, ABŞ-ın Nyu-Cersi ştatında yerləşən Rutgers Universitetinin müəllimi Qubad İbadoğlu müşahidələrin nəticəsi olan cədvəli öz Facebook hesabında yerləşdirib.
İqtisadçı-alimin paylaşımı müzakirələrə səbəb olub. Bununla bağlı Azersun şirkəti ilə əlaqə qurmağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Qeyd edək ki, istehlak bazarında sui-istifadə və əsassız qiymət artımı halları ilə rastlaşdıqda, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərsiniz (tel:498-15-01, 498-15-04).