“Azfinance İnvestisiya Şirkəti” QSC-nin direktoru Abid Mamedov vəzifəsindən azad edilərək maliyyə qurumunun Müşahidə Şurasının sədri təyin edilib.
İnsider.az xəbər verir ki, bununla bağlı qərar investisiya şirkətinin səhmdarlarının noyabrın 14-də keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib.
Yığıncaqda həmçinin indiyə qədər “Azfinance”ın direktor müavini olan İntiqam Səfərəliyevin direktor vəzifəsinə təyin olunmasına qərar verilib.
Xatırladaq ki, “Azfinance" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,55 milyon manatdır. Şirkətin səhmləri 100% Dubayda (BƏƏ) qeydiyyatdan keçmiş “G Capital Middle East Ltd.” şirkətinə məxsusdur. “Azfinance” 110 milyon manatdan çox aktivə malik olmaqla yerli qiymətli kağızlar bazarında liderdir.
Vəzifəyə təyin olunmuş şəxslərə gəlincə isə, A.Mamedov indiki iş yerindən əvvəl 8 il maliyyə sektorunda çalışıb, bunun 5 ilini dünya maliyyə sektorunun liderlərindən biri olan “Bloomberg” şirkətinin MDB ölkələri üzrə müştəri xidmətləri direktoru olub.
O, orta təhsilini Avropada alıb, 2003-cü ildə Böyük Britaniyanın London Universitetinin İqtisadiyyat fakultəsində bakalavr dərəcəsi, 2004-cü ildə isə Briston Universitetinin İqtisadiyyat fakultəsinndə magistr dərəcəsi əldə edib, yüksək liderlik və menecerlik keyfiyyətləri ilə seçilir.
A.Mamedov evlidir, iki övladı var.
İ.Səfərəliyev isə 2007-ci ildən “Çelsi Kapital” şirkətinin direktoru vəzifəsində çalışıb, 3 il bu maliyyə qurumunu kapital bazarında lider olmasını təmin edib. O, 2014-cü ildən “Azfinance”ın direktor müavini olub, eyni zamanda bu investisiya şirkəti ilə birlikdə “Gilan Holdinq” MMC-yə daxil olan “”AFB Bank” ASC-nin MŞ-nın üzvü vəzifəsində çalışıb.
İ.Səfərəliyev maliyyə ixtisası üzrə bakalavr və magistr dərəcələrinə, idarəçilik və pul vəsaitlərinin idarə edilməsi sahəsində 12 illik təcrübəyə malikdir.
O, evlidir. 3 övladı var.
Report