bag-evleri-ile-bagli-bu-movsum-ucun-gozlentiler

Bağ evləri ilə bağlı bu mövsüm üçün gözləntilər 

Üzü yay mövsümünə getdikcə, planlaşdırılan məsələlərdən biri də “yay istirahəti” ilə bağlı olur. Xaricə və ya hər hansı istirahət mərkəzinə üz tutmaq istəyənlərlə yanaşı, mövsümü bağ evində keçirməyi arzulayanlar da var. İnsider.az bununla əlaqədar olaraq, hazırda bu bazarda olan vəziyyəti və mövsüm yaxınlaşdıqca qiymətlərin necə olacağını öyrənməyə çalışıb. 

Hazırda təklif tələbdən çoxdur 

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bizimlə söhbətində bildirdi ki, hazırda bağ evləri ilə bağlı təklif var, amma tələb yoxdur:

“Tələbat havalar isinəndən sonra başlayır, yəni insanların bağa köçmək mövsümü vaxtı. Bu isə təxminən, iyun ayına təsadüf edir”. 

Hər zonanın öz qiyməti var

Bağ evlərinin kirayə və satış qiymətləri müxtəlif bölgələr üçün fərqlidir. N. İbrahimovun bildirdiyinə görə, ən baha yerlər Mərdəkan, Şüvəlan, Bilgəh, Buzovna və Novxanıdır. 
İqtisadçı ekspert Vüqar Oruc qeyd etdi ki, adıçəkilən ərazilərin özündə belə, evlərin qiyməti fərqlidir və ev dənizə nə qədər yaxındırsa, qiyməti də o qədər yüksək olur:

“Bağ evlərinin qiymətini müəyyən edən başqa məqamlar da var. Evin şəraitinin necə olması əsas məsələdir. Lazımi avadanlıqlar, əyləncə hissələri, tennis kortu, hovuz və s. diqqət edilən göstəricilərdəndir və onların olması evin qiymətinə ciddi təsir edir”.

Bu mövsüm qiymətlər necə olacaq? 

Ekspertlərin fikrincə, mövsümü istirahət olduğu üçün yay aylarında bağ evlərinin kirayə qiymətlərinin qalxması qaçılmaz olur. Çünki hər il yay mövsümündə xaricdən və ya ölkənin müxtəlif rayonlarından gələnlər, eləcə də Bakının özündə mərkəzdə yaşayan insanlar istirahət üçün bağ evlərinə üz tutmaq istəyirlər. Bu isə bağ evlərinin kirayə qiymətlərinin qalxmasına birbaşa təsir edir. Yay mövsümü dəniz kənarında yaşamaq və asudə vaxtı xoş keçirmək üçün fürsət hesab olunur. Nəticədə, yay aylarında dənizə yaxın evlərin kirayə qiymətləri yüksəlir. V. Orucun bildirdiyinə görə, komfortlu evlərin ərazisi təxminən 200-300 kvadrat metr olur. Bu cür evlərin kirayə qiymətləri aylıq təxminən 1500-3000 manat arası təklif edilir: “Ümumi götürdükdə belə deyə bilərik ki, bağ evinin 1 kvadrat metrinin qiyməti təxminən 10-20 manatdır. Şəhər evlərindən fərqli olaraq, bağ evlərinin kvadratının konkret qiymətini söyləmək çətin məsələdir. Çünki bu zaman nəinki bağ evinin yerləşdiyi ərazi, eləcə də onun dənizə nə qədər yaxın olması, hansı şəraitdə təqdim edilməsi, komfortunun səviyyəsi, mebellər və s. xüsusi əhəmiyyət kəsb edir. Şəraitindən asılı olaraq, daha baha bağ evləri də var. Bağ evi kirayəyə götürüləcəksə, kirayənişin ödəyəcəyi məbləği evin şəraitinə və istirahət edəcəyi müddətə əsasən müəyyən edə bilər. Bağ evi 1 aylıq və ya bütün mövsüm boyu kirayəyə verilə bilər”. 

V. Oruc qeyd etdi ki, devalivasiyadan sonra böhran yaşanması, əhalinin iqtisadi problemlərlə üzləşməsi ilə əlaqədar, 2016 və 2017-ci illərdə bağ evlərində istirahət etmək istəyənlərin sayı azaldı, qiymətlər aşağı düşdü: “Amma son dövrlər neftin dünya bazarında qiymətində təqribi stabillik olandan sonra mövsümü bağ evində keçirmək istəyənlərin sayı yenidən artdı. Hesab edirəm ki, bu yay ötən dövrlə müqayisədə bağ evinə köçmək istəyənlərin sayında artım olacaq. Bildiyiniz kimi, ölkədə turizm sektoru inkişaf edir, bu sahədə nailiyyətlər əldə olunmaqdadır. Ölkəyə əvvəlki illərlə müqayisədə xeyli turist gəlir. Məsələn, Formula 1 yarışları, eləcə də digər beynəlxalq tədbirlər buna səbəb olur. Turizm sahəsinə investisiya qoyulur, müəyyən proqramlar qəbul edilir. Bu da o deməkdir ki, gələcək turistlərin sayı bir qədər də artacaq. Turistlər də Abşeron yarımadasına maraq göstərəcəksə, iqtisadiyyatın “tələb-təklif” qanununa əsasən, bağ evlərinin kirayə qiymətləri arta bilər. Satış qiymətlərinə gəldikdə isə, kirayə qiymətlərin artması buna təsir edən məsələ deyil. Bağ evi almaq zövq məsələsidir. İnsanlar daha çox, torpaq alaraq öz zövqlərinə uyğun bağ evi tikdirməyə çalışırlar. Yəni düşünürəm ki, kirayə bazarında qiymətlərin qalxması evin öz qiymətinin artmasına birbaşa səbəb deyil. Amma qiymətlərdə cüzi dəyişiklik ola bilər. Turistlərin sayı artdıqca, neftin qiymətində stabillik olduqca, ölkə iqtisadiyyatında canlanma yaşandıqca alqı-satqı faktlarının çoxalması mümkündür. Sırf 2019-cu ilin bağ mövsümü dövründən danışırıqsa, satışda qiymətlərin qalxması üçün ciddi bir səbəb görmürəm. Amma kirayə bazarında artım yaşana bilər”.

N. İbrahimov da bu il ötən illə müqayisədə qiymətlərin baha olacağını düşünmür: “Bu mövsüm bağ evlərinin qiymətlərinin təxminən, keçən illə eyni olacağını proqnozlaşdırıram”. 
Şəfa Tapdıq