Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Dəmir Bank” ASC-nin kreditorlarına müraciət edib.
İnsider.az xəbər verir ki, müraciətdə bildirilir ki, “Banklar haqqında” qanuna əsasən, Bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki 6 aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri üzrə ödəniş iyulun 29-dan başlanacaq.
Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək. Bununla bağlı Fondun Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə (bank rekvizitlərini göstərməklə) müraciət etmək lazımdır.