baki-2019-xv-avropa-gencler-yay-olimpiya-festivali-baslayir

Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır

Bu gün Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) start götürəcək.

İnsider.az xəbər verir ki, Avropa Olimpiya Komitələrinin (EOC) Beynəlxalq Olimpiya Komitəsinin (IOC) bayrağı altında keçirdiyi festival iyulun 27-dək davam edəcək. EYOF-da Azərbaycan da daxil olmaqla EOC üzv olan 50 ölkədən 48-nin idmançıları mübarizə aparacaqlar. Ermənistan festivalda iştirak etməkdən ötrü müraciət etməyib. Lixtenşteynin Bakıya gəlməli olan yeganə idmançısı zədələndiyi üçün bu ölkənin Milli Olimpiya Komitəsi iştirak ərizəsini geri götürüb.

Azərbaycan millisi festivalda 122 idmançı ilə təmsil olunacaq. 14-18 yaşlı atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Ümumilikdə 135 dəst medal sahibini tapacaq. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək. Atletlər kəndində məskunlaşacaq qonaqların ümumi sayı 3900 nəfər olacaq.

Festivalda idman mübarizəsinə saat 09:00-da Bakı Tennis Akademiyasında start veriləcək. Fərdi yarışda Azərbaycanı Alina Hüseynova, Polina Drobışeva, Kənan Qasımov və Tamerlan Əzizov təmsil edəcək. EYOF-da ilk medalçılar isə güləş növündə olacaq. Sərbəst və yunan-Roma güləşində ilkin mərhələ saat 10:30-da, final bölümü isə saat 16:00-da başlayacaq. Burada müvafiq olaraq, Murad Haqverdiyevlə (45 kq) Əbülfəz Nəsirov (55 kq) və Fərid Sadıxlı (45 kq) ilə Nihat Məmmədli (55 kq) bacarıqlarını nümayiş etdirəcəklər.
XV Avropa Gənclər Yay Olimpiya Festivalının Bakı Kristal Zalında reallaşacaq təntənəli açılış mərasimi saat 20:00-a təyin olunub. Tədbirə rahat gediş-gəlişi təmin etmək məqsədi ilə bilet sahibləri və akkreditasiyaya malik şəxslər üçün xüsusi nəqliyyat vasitəsi ayrılıb. Saat 17:00 – 01:00 aralığında “28 may” və “Elmlər Akademiyası” metro stansiyalarından Bakı Kristal Zalına və geriyə pulsuz avtobuslar xidmət göstərəcəklər.

Tennis

Fərdi yarış

09:00 – 17:00. Alina Hüseynova, Polina Drobışeva, Kənan Qasımov, Tamerlan Əzizov

Bakı Tennis Akademiyası

Güləş

Sərbəst güləş

10:30 – 13:30. Murad Haqverdiyev (45 kq), Əbülfəz Nəsirov (55 kq)

Yunan-Roma güləşi

10:30 – 13:30. Fərid Sadıxlı (45 kq), Nihat Məmmədli (55 kq)

16:00 – 17:30. Medal görüşləri

Heydər Əliyev adına İdman-Konsert Kompleksi

Açılış mərasimi

20:00. Bakı Kristal Zalı

© Report