Artıq gömrük-keçid məntəqələrində Bakıdan İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə səyahət edən sərnişinlərin əl yükləri və baqajlarına gömrük nəzarəti tətbiq edilməyəcək.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi, sərhədkeçmə prosesinin sürətləndirilməsi və avtobusların mənzil başına daha tez çatmasını təmin etmək məqsədilə gömrük nəzarəti Dövlət Gömrük Komitəsi sədrinin sərəncamına əsasən, avqustun 19-dan etibarən Bakı Beynəlxalq Avtovağzalında yaradılan gömrük nəzarəti zonasında həyata keçiriləcək.
Bu məqsədlə Komitə tərəfindən həyata keçirilən pilot layihə çərçivəsində Bakı Beynəlxalq Avtovağzalında gömrük nəzarətinin tətbiqi üçün zəruri avadanlıqlar quraşdırılıb və layihənin icrasına ixtisaslı gömrük əməkdaşları cəlb edilib.
Əvvəllər sərhədi keçən avtobuslar hər iki ölkənin gömrük postlarında ümumilikdə 4 dəfə gömrük nəzarətindən keçir və sərnişinlərin əl yükləri dəfələrlə yoxlanılırdı. Bu da vaxt itkisi ilə yanaşı, sərnişinlər üçün diskomfort vəziyyət yaradırdı.
Son bir il ərzində İranın gömrük xidmətinin sədri ilə Bakıda və Naxçıvanda keçirilən ikitərəfli görüşlərdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev tərəfindən bu məsələnin həlli istiqamətində dəfələrlə müvafiq təkliflər irəli sürülüb. Eyni zamanda, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən İranın müvafiq qurumları qarşısında məsələ qaldırılıb.