baki-dunyanin-60-en-tehlukesiz-seherleri-sirasindadir

Bakı dünyanın 60 ən təhlükəsiz şəhərləri sırasındadır

“The Economist Intelligence Unit” analitik mərkəzi ilə “The Economist” dərgisinin birgə hazırladığı hesabatda Bakı şəhəri “Təhlükəsiz Şəhərlər İndeksi 2019” (Safe Cities Index) reytinqinə görə dünyanın 60 ən təhlükəsiz şəhərləri sırasındadır. Hesabatda Bakı şəhəri 56,4 balla qiymətləndirilərək, 49-cu yerdə qərarlaşıb. Reytinqdə göstərilən şəhərlər rəqəmsal təhlükəsizlik, infrastruktur təhlükəsizliyi, səhiyyə və şəxsi təhlükəsizlik olmaqla 4 göstərici üzrə 57 indikatora əsasən dəyərləndirilib.

Dünyada urbanizasiyanın səviyyəsi get-gedə yüksəlməkdədir. Araşdırmalara görə hazırda 56% təşkil edən urbanizasiyanın 2050-ci ilə qədər 68%-ə çatacağı gözlənilir. Şəhərləşmənin bu cür sürətli artımı özü ilə birgə iqtisadi və sosial risklər doğurur. Belə artımın qarşısının alınması və statistik göstəricilərin planlaşdırılmış səviyyədə dəyişməsi ölkələrin prioritet məsələlərindəndir. Respublikamızda aparılan islahatlar, müəyyən edilmiş yol xəritələrində də bu proseslərin nəzarət altında saxlanıldığını müşahidə edə bilərik. Azərbaycanda urbanizasiyanın səviyyəsi 53% təşkil edir. 2019-cu ilin yanvar ayının statistikasına əsasən Bakı şəhərinin əhalisinin sayı 2 milyon 277 min nəfər təşkil edir.

BMT-nin hesablamalarına görə, dünyada əhalisi 150 min nəfərdən çox olan 4416 şəhər var. Bunlardan yalnız 60 şəhər “Təhlükəsiz Şəhərlər İndeksi 2019” (Safe Cities Index)- da qiymətləndirilib. Postsovet məkanından yalnız iki şəhər - Bakı və Moskva bu siyahıda qiymətləndirilmək səviyyəsinə qalxıb. Bu da Bakının bir şəhər kimi dünyanın mühüm siyasi, iqtisadi, mədəni, tarixi və idman mərkəzlərindən biri olduğunu göstərir.

Rəqəmsal təhlükəsizlik

“Təhlükəsiz Şəhərlər İndeksi 2019” (Safe Cities Index 2019) hesabatında Rəqəmsal təhlükəsizlik  ilə bağlı qiymətləndirmədə Bakı 51,7 balla 46-cı yerdə qərarlaşıb. Son illər Bakıda keçirilən kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadə təlimləri, Azərbaycanın dünyada ilk dəfə mobil rezidentlik və ikinci dəfə elektron rezidentlik təqdim edən ölkə olması, dövlət-özəl dialoqu platforması olan Azranking.az portalının yaradılması, Asan İmza və elektron imza vasitəsilə həyata keçirilən prosedurlar, aparılan islahatlar nəticəsində müxtəlif sahələrdə elektron müraciət sistemlərinin tətbiqi,  həmçinin dövlət və özəl sektorun bütün sahələrində texnologiyadan yüksək səviyyədə istifadə Bakının bu sütun üzrə qiymətləndirilməsinin göstəricisidir. Həmçinin, Bakı şəhərində internetin əlçatanlığını, uyğun qiymətli və yüksək sürətli olmasını, şəhərin müxtəlif yerlərində pulsuz mövcudluğunu bu göstəricidə qeyd etmək olar.

 İnfrastruktur təhlükəsizliyi

Bakı şəhəri “Təhlükəsiz Şəhərlər İndeksi 2019” (Safe Cities Index) reytinqində infrastruktur təhlükəsizliyi göstəricisi üzrə siyahıda 46,3 balla 54-cü yerdə qərarlaşıb. İqtisadiyyatın inkişafının səmərəliliyi, əhalinin həyat şəraitinin yaxşılaşması birbaşa infrastrukturun inkişaf səviyyəsindən asılıdır. Hazırda Bakıda yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı həm beynəlxalq qurumların maliyyə dəstəyi, həm də, dövlət büdcəsi hesabına irimiqyaslı layihələr icra olunur. Yol, infrastruktur, elektrik enerjisi ilə təchizat, qazlaşdırma, su və kanalizasiya infrastrukturu layihələri – bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir və son illərdə bu istiqamətdə çox ciddi addımlar atılır.  Bakıda beynəlxalq standartlara cavab verən infrastruktur (nəqliyyat, şose yolları, maddi-texniki təchizat, telekommunikasiya, su təchizatı) mövcuddur. Böyük avtomobil yolları, həmçinin küçə və prospektlər, avtomobil magistrallarında körpülər, piyada keçidləri tikilib əhalinin istifadəsinə verilib. Azərbaycanda son 15 ildə 15 min kilometr yol və avtomagistrallar çəkilib. Elə bu yaxınlarda ölkə başçısının iştirakı ilə Bakıda Mərdəkan-Qala yolu əhalinin istifadəsinə verilib.

Yeri gəlmişkən, Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan yollarının keyfiyyətinə görə dünyada 34-cü yerdədir.

Şəhər və şəhərətrafı kəndlərin mövcud yollarının beynəlxalq standartlara cavab verəcək şəkildə əsaslı təmiri, nəqliyyatın sıxlıq təşkil etdiyi yollar üzrə alternativ yollarını istifadəyə verilməsi, şəhər əhalisinin güzəştli şərtlərlə sosial yaşayış evləri ilə təmin olunmasının təşkili ölkəmizdə əhalinin yaşayış təhlükəsizliyinin yüksək diqqətə alındığının bariz nümunələrindəndir. “The Economist Intelligence Unit” analitik mərkəzi ilə “The Economist” dərgisinin “Təhlükəsiz Şəhərlər İndeksi” (Safe Cities Index 2019) reytinqində infrastruktur təhlükəsizliyi üzrə bu meyarlar diqqətə alınıb.

Bundan əlavə, Bakı şəhərində biri daxili, digəri beynəlxalq uçuşlar üçün olan iki böyük hava limanı mövcuddur. 2011-ci il martın 17-də Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan və 2014-cü ilin 23 aprel tarixində açılışı baş tutan dünyanın möhtəşəm və texnologiya baxımından dünyada seçilən hava limanlarından olan Heydər Əliyev Beynəlxalq Aeroportu hər il milyonlarla turistin Bakıya girişini təmin edir, o cümlədən tranzit uçuşları həyata keçirir.

Səhiyyə təhlükəsizliyi

Reytinqdə Bakı şəhəri səhiyyə təhlükəsizliyi üzrə göstəricidə 64 balla qiymətləndirilərək 41-ci yerdə qərarlaşıb. Son illərdə ölkəmizdə 600-dən çox tibbi müəssisə tikilib və əsaslı təmirdən sonra istifadəyə verilib. Bu müəssisələrin  böyük əksəriyyəti, texnika və mütəxəssis təminatı ən yüksək göstəricilərə malik olanları məhz əhalinin sıxlıq təşkil etdiyi Bakı şəhərində yerləşir.

Bir neçə ildir davamlı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə tətbiq olunan və hər il 5 milyondan çox vətəndaşımızın istifadə etdiyi pulsuz müayinə xidmətlərini, Bakının səhiyyə təhlükəsizliyinə dair siyahıda 64 balla qiymətləndirilməsinin səbəblərindən biri kimi qeyd etmək olar.

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının “İnsan İnkişafı İndeksi” (Human Development Index) reytinqində 189 ölkə arasında 80-ci yerdə qərarlaşıb. Hesabatda Azərbaycanın indeksi 0,757 baldır ki, bu da ölkəmizdə insan kapitalının, sağlamlığının yüksək səviyyəsinin göstəricisidir. BMT-nin “İnsan İnkişafı İndeksi” əhalinin həyat səviyyəsi, savadlılıq və uzunömürlülük səviyyəsinin insan potensialını səciyyələndirən əsas göstəriciləri kimi hesablanır.

Bundan əlavə, əhalinin sağlamlığının qorunması məqsədi ilə tibbi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən böyük layihələrdən biri də Azərbaycan Respublikası Prezidentinin  2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanına əsasən yaradılan “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”dir. 2020-ci ilin yanvar ayından qüvvəyə minəcək İcbari Tibbi Sığortanın xidmətlər zərfinin baza hissəsi bütün ölkə vətəndaşları üçün Maliyyə Nazirliyi tərəfindən ödəniləcəkdir.

Azərbaycan əhalisinin sağlamlığının daha da yaxşılaşdırılması məqsədilə mütəmadi olaraq yeni layihələr və strategiyalar işlənib hazırlanır. Bakı şəhərinin əhalisinin sağlamlığının statistikasına nəzər salsaq, görərik ki, Avropanın əksər şəhərlərində kütləvi yayılan qızılca xəstəliyi şəhərdə dəfələrlə az müşahidə olunur. Bu tip yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi tərəfindən uşaqların peyvəndlənməsi istiqamətində işlər gücləndirilib.

Bakıda səhiyyə təhlükəsizliyinin inkişafını sübut edən məqamlardan biri də, 2019-cu il fevralın 3-də Respublika Müalicəvi Diaqnostika Mərkəzində ağır ürək və ağciyər çatışmazlığı diaqnozu təyin edilmiş xəstəyə süni ürək implantasiyasının uğurla həyata keçirilməsi olub.

Dövlət başçısının səhiyyəyə göstərdiyi diqqət və qayğı ölkə əhalisinin demoqrafik və statistik göstəricilərinin daha da yaxşılaşmasına səbəb olub. Son 10 il ərzində Bakıda ölüm göstəriciləri azalıb, doğum və bununla bərabər təbii artım göstəricisi isə yüksəlmişdir. Qeyd edək ki, Bakı şəhəri bu göstərici ilə Avropa şəhərləri arasında ön sıralarda gedir.

Reytinqin səhiyyə təhlükəsizliyi bölümündə qeyd olunan digər göstərici də şəhərlərdə havanın keyfiyyətidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən Bakı şəhərində keçirilmiş müşahidələrin nəticələri atmosfer havasının ekoloji keyfiyyətində yaxşılaşmaya doğru tendensiyanın olduğunu göstərir.

Həmçinin Bakı şəhərində əhalinin içdiyi suyun “İçməli Su” standartına cavab verməsi məqsədilə Mərkəzi Laboratoriya fəaliyyət göstərir ki, bu da ölkəmizdə emal edilən suyun keyfiyyət göstəricilərinin Ümumdünya Səhiyyə Təşkilatı, Avropa İttifaqı kimi standartların tələblərinə uyğunlaşmasına şərait yaradır.

Şəxsi təhlükəsizlik

“Təhlükəsiz Şəhərlər İndeksi 2019” reytinqində Bakı şəhəri şəxsi təhlükəsizlik indikatoru üzrə 63,7 balla qiymətləndirilərək, 49-cu yerdə qərarlaşmışdır. Bakı şəhərində yerli əhalinin və ölkəyə gələn turistlərin şəxsi təhlükəsizliyi ölkənin daxili işlər orqanları tərəfindən yüksək səviyyədə təmin olunur. Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların odlu silahın əldə edilməsinə qanunla ciddi nəzarət olunur. Bu səbəbdən də, Bakıda odlu silahlarla törədilən cinayətlər Avopanın digər şəhərlərindən qat-qat aşağı səviyyədədir.

Ölkəmizdə gender bərabərliyinin tamamilə təmin olunduğu dövlət o cümlədən özəl müəssisələrdə, ölkə idarəetməsində fəaliyyət göstərən xanımların saylarının kifayət qədər yüksək olması açıq-aşkar dünyanın bir çox ölkələrinə nümunə ola biləcək göstəricidir.

Son illərdə Bakı şəhərində keçirilən Baku-2015 Avropa Oyunları, 2017 İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları, UEFA Avropa Liqası, Baku-2019 Avropa Gənclər Olimpik Festivalı kimi beynəlxalq əhəmiyyətli idman yarışlarında təhlükəsizlik tam təmin olunub. Bakıda son bir neçə ildə heç bir terror aktının olmaması, yerli sakinlərin, o cümlədən şəhərimizdə səfərdə olan xarici vətəndaşların şəxsi təhlükəsizliyinə mane ola biləcək hər hansı təhlükənin olmaması Daxili İşlər orqanlarımızın fəaliyyətinin yüksək göstəricisidir.

Bakı şəhəri ilə birgə reytinqə ilk dəfə olaraq Dubay, Kopenhagen, Laqos şəhərləri də daxil edilib. Reytinqdə birinci yeri Tokio şəhəri tutub. Daha sonra ardıcıllıqla Sinqapur, Osaka, Amsterdam və Sidney şəhərləri qərarlaşıb.

Beləliklə, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair qəbul edilmiş dövlət proqramının icrası nəticəsində, şəhərimiz ildən-ilə inkişaf edir, əhalinin sosial rifahı yüksəlir, milyonlarla turistin diqqətini cəlb edir, dünyanın ən məşhur dərgilərində Bakı haqda məqalələr yazılır. Elə, “Təhlükəsiz Şəhərlər İndeksi 2019” reytinqində Bakının bu il ilk dəfə mövqe tutması da ölkə başçısının həyata keçirdiyi uğurlu iqtisadi siyasətin nəticəsidir.

Nərmin Rəhimli

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin media mütəxəssisi