Böyük Britaniyanın Lordlar Palatasında Azərbaycanla təhsil sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.
Bunu Azərbaycanın Londondakı səfiri Elin Süleymanov deyib.
"Britaniya Lordlar Palatasında Azərbaycanın təhsil naziri Emin Əmrullayevə, eləcə də Təhsil Nazirliyindən və "British Council"dan olan həmkarlarımıza göstərilən səmimi qəbula görə Baronessa Emma Nikolsona (Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət nümayəndəsi - red.) təşəkkür edirəm.
Həmişə olduğu kimi, Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq haqqında çox məhsuldar söhbət aparılıb", - deyə diplomatın sosial şəbəkədəki paylaşımında bildirilib.
Qeyd edək ki, Azərbaycanın təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 19-22-də Londonda keçiriləcək Dünya Təhsil Forumunda iştirak etmək üçün Böyük Britaniyada işgüzar səfərdədir.
Report