Paytaxt ərazisində elektroskuter sürənlərin sayı artıb. Skuterlər şəhəri cənginə alıb desək, yanılmarıq. Sürətlə parkda, yollarda hərəkət edən bu nəqliyyat vasitəsi təhlükə yaradır.
Təhlükə yaradan skuterlərlə bağlı nə etmək lazımdır?
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev açıqlamasında bildirib ki, şəhərdə elektroskuterlərə tələbat artıb:
“İnsanlar daha çox bu nəqliyyat növünə meyillənirlər. Təəssüf ki, paytaxtda skuterlərə görə infrastruktur qurulmayıb. Onlar üçün parklarda xüsusi zolaqlar ayrılmalıdır ki, xüsusi velosiped zolaqlarında hərəkət etsinlər. Hazırda paytaxtda velosiped zolaqları üçün ayrılmış zolaqların şəbəkələrinin artırılması davam edir. Həmin ərazidə moped, skuter istifadəçilərinin hərəkət etmələri üçün də şərait yaradılmalıdır”.
Ekspert qeyd edib ki, qanunvericilikdə hələ də skuter istifadəçiləri piyada kimi göstərilirlər:
“Dəyişiklik etməyə ehtiyac var. Bu, həm də hərəkət iştirakçılarının prioritetinə təsir edəcək bir məsələ olacaq. Bəzi sürücülər avtomobildən imtina edib, bu nəqliyyat vasitəsindən istifadə edəcəklər. Bu da yollardakı tıxacların azalmasına təsir edəcək”.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli isə saytımıza açıqlamasında bildirib ki, Yol Hərəkəti Haqqında Qanun qəbul olunan zaman skuterlər, eləcə də digər müasir texnologiyalar olmasa da, onlar hərəkətin digər iştirakçıları kimi ayrı kateqoriyadadırlar:
“Qanun və qaydalar sözügedən nəqliyyat vasitəsindən istifadə edən şəxslərin yol hərəkəti qaydalarına riayət etmələri üçün də keçərlidir. Onları idarə edənlər işıqforun və yol nişanlarının tələblərinə məhəl qoymadıqda, hətta moped, skuter və başqa minik vasitələrini sərxoş halda (yəni spirtli içki və narkotik vasitələrin təsiri altında) idarə etdikdə İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə uyğun olaraq, müvafiq hallar üzrə cərimə tətbiq olunur.
Amma bu məsələ ilə bağlı qanunvericilikdə bəzi boşluqlar da var. Belə ki, bu növ nəqliyyat vasitələrini idarə edənlərin xətalarını xüsusi texniki vasitələrlə sübuta yetirmək çətindir. Bu minik vasitələrinin sürət həddini aşması və təhlükə yaratması ilə bağlı İnzibati Xətalar Məcəlləsində konkret qayda pozuntusu müəyyən edilməyib”.
A.Əsgərli qeyd edib ki, skuter sürücüləri yol infrastrukturunda hərəkəti sağ zolaq üzrə tam təhlükəsiz qaydada həyata keçirməlidirlər:
“Qanunda bu cür vasitələr qeyri-mexaniki nəqliyyat vasitələri sayılır. Bunun üçün sürücülük hüququ tələb olunmur. 16 yaşdan yuxarı şəxslər belə minik vasitələrindən istifadə edə bilərlər. Hər bir hərəkət iştirakçısı məsuliyyətli şəkildə hərəkət etsə, yollarda lüzumsuz yerə yaranan sıxlıq və tıxacların da qismən qarşısı alınar”.
Oxu.az