baki-metropoliteni-istifadecilerinin-sayi-3-defeyedek-artib

Bakı metropoliteni istifadəçilərinin sayı 3 dəfəyədək artıb

Bu ilin yanvar-oktyabr aylarında "Bakı Metropoliteni" 167 358,8 min sərnişin daşıyıb ki, bu da illik müqayisədə 3 dəfə çoxdur.

Dövlət Statistika Komitəsindən İnsider.az-a verilən məlumata görə, 2021-ci ilin yanvar-oktyabr ayları ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 55 625,1 min nəfər olub.

Qeyd edək ki, 2020-2021-ci illərdə koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı metrosunda qatarların hərəkətində məhdudiyyətlər və dayanmalar tətbiq edilib. Bu da, öz növbəsində, metro nəqliyyatı ilə sərnişin daşınmalarının həcminə təsir edib.

Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 36,6 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 25-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.