Son günlər “Bakı Metropoliteni” QSC-də işdən azad edilən və ya öz istəyi ilə işdən ayrılan maşinist xanım Günay Həbibli ilə bağlı müxtəlif fərziyyələr irəli sürülüb. Mövzu ilə əlaqədar dəqiq olmayan bir sıra informasiyalar cəmiyyətdə çaşqınlıq yaradıb.
Bir işçinin çalışdığı müəssisədən ayrılması normal hadisə olsa da, irəli sürülən fərqli fikirlər bu məsələni gündəmdən düşməyə qoymayıb. Söhbətə aydınlıq gətirilməsi üçün “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanladıq.
Qurumdan bildirilib ki, yeni nəsil qatarların idarəetmə kabinələrində quraşdırılmış videomüşahidə kameraları vasitəsilə 2023-cü il mart-aprel aylarında keçirilən növbəti mütəmadi yoxlamalar zamanı qatar maşinisti Günay Həbiblinin idarəetmədən yayınmaqla şəxsi mobil cihazdan istifadə edərək film izlədiyi, mobil telefonla danışıqlar apardığı, sosial medianı izləməsi aşkarlanıb:
“Maşinist 2023-cü il aprel ayının 3-də yol verdiyi ciddi xidməti xətaya görə intizam tənbehinə cəlb edilib. Şəxsi mobil rabitədən istifadə qadağan edildiyi halda, onun bu qaydanı pozması daxil olmaqla, məsələlərin geniş araşdırılmasına səbəb olub. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Bakı metropoliteninin müvafiq normativ aktları və təlimatlarını, prosedur qaydalarını, o cümlədən hərəkət və sərnişin təhlükəsizliyi tələblərini kobud şəkildə pozmuş maşinistin hər hansısa güzəşt tətbiq edilmədən qatar maşinisti vəzifəsindən kənarlaşdırılmasının qaçılmazlığı müəyyən edilib.
Ümumiyyətlə, yol verdiyi nöqsan və xətalara görə Bakı metropolitenində maşinist kimi çalışdığı dövrdə Günay Həbibliyə intizam tənbehi tədbirləri tətbiq edilib. Məlumat üçün qeyd olunmalıdır ki, Bakı metropolitenində hərəkət və sərnişin təhlükəsizliyi ən əsas vəzifə hesab edildiyindən hər bir hadisə, o cümlədən yol verilən hər bir xəta və nöqsanlar fərdi qaydada araşdırılır və müvafiq tədbirlər görülür, ölçülər götürülür. Bu mənada məhz sərnişin təhlükəsizliyi baxımından maşinistlərə heç bir fərq qoyulmadan xüsusi güzəşt və imtiyazlar yolverilməzdir.
2023-cü il may ayının 4-də Günay Həbibli maşinistlikdən azad edilməklə, ona başqa iş təklif olunub. İntizam nizamnaməsinə uyğun olaraq, ciddi nöqsanlara yol verən maşinistlər vəzifədən azad edilərkən, başqa vəzifə və ya peşədə çalışmaları üçün iş təklif edilir. Bununla bağlı bir çox nümunələr göstərmək olar. Günay Həbibliyə daha əvvəllər çalışdığı platforma növbətçisi peşəsi üzrə iş təklif olunsa da, xanım təklif olunan işdən imtina etdiyindən, 2023-cü il iyunun 17-də şəxsi ərizəsinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Mediaya açıqlama və müsahibələrinə əsasən, Günay Həbiblinin səhvlərə yol verməməsi ilə bağlı israrla yayılan məlumatlar əsasında ictimaiyyətdə yarana biləcək çaşqınlıq, işçiyə qərəzli münasibət göstərilməsi ilə bağlı formalaşa biləcək qeyri-obyektiv fikirlərə münasibətdə bildiririk ki, “Bakı Metropoliteni” QSC-də istənilən işçinin sosial vəziyyəti, bir sıra spesifik sahələrdə işçilərin psixoloji durumu və digər məsələlər nəzərə alınaraq diqqətdə saxlanılır, müvafiq dəstək verilir. Bir işçinin, ələlxüsus qatar maşinistlərinin formalaşmasına, peşə qabiliyyətinin yüksəldilməsinə sərf olunan vaxt, çəkilən zəhmət və s. nəzərə alınmaqla, “Bakı Metropoliteni” QSC-nin işçilərə həssas, diqqətli yanaşması ilə bağlı şübhələr tam əsassızdır. Bildiririk ki, Günay Həbibliyə heç bir zaman qərəzli münasibət göstərilməyib, xanımın yol verdiyi nöqsanların aradan qaldırmasına daim şərait yaradılıb, ona bütün mümkün dəstək verilib, işə münasibətini dəyişməsi ilə bağlı şifahi xəbərdarlıqlar edilib.
Son hadisələr Günay Həbiblinin işinə qeyri-ciddi yanaşdığını və müvafiq tədbirlərin qaçılmazlığını göstərib. Tutduğu vəzifə və mövqeyindən asılı olmayaraq, “Bakı Metropoliteni” QSC-də işçilərin fəaliyyəti normativ sənədlərlə tənzimlənir. Bu və digər intizam tədbirləri işçinin sosial və digər mümkün statusuna görə deyil, yalnız hadisə, xəta və nöqsanların müvafiq qaydada təsnifatına uyğun tətbiq edilir”.
Oxu.Az