Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi zamanı, ənənəsinə sadiq qalaraq, korporativ sosial məsuliyyət siyasəti çərçivəsində müxtəlif layihələr həyata keçirib. Formula 1-in 2030-cu ilə kimi karbon tullantılarının sıfıra endirilməsi hədəflərindən irəli gələrək, bu layihələrin əsas məqsədi ətraf mühitin qorunması və təsirlərin azaldılması, təkrar emalın təşviqi və avtoidman sahəsində ekoloji təşəbbüslərin təbliğidir.
Belə ki, ADA Universiteti Fondu, yarış müddətində Media Mərkəzinin fəaliyyət göstərdiyi Hilton mehmanxanası, “Bakı Tullantılarının Emalı” MMC, “EcoSolutions” tullantıların idarə olunması xidməti ilə birgə əməkdaşlıq nəticəsində 14,899 kiloqram plastik tullatının bərpası təmin edilib, yarış zamanı toplanan 290 kiloqram qida qalıqları heyvan sığınacağına ianə edilib.
Həmçinin, Azərbaycanda Formula 1 yarışlarının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti 2019-cu ildən etibarən “Yaşıl siyasət”ə keçidini elan edərək, bir sıra ekoloji layihələrə imza atmış, dayanıqlı inkişaf üçün daim təşəbbüslərlə çıxış etmişdir.