baki-tibb-kollecinde-gozden-elil-abituriyentler-plan-yeri-ayrilib

Bakı Tibb Kollecində gözdən əlil abituriyentlər plan yeri ayrılıb

2019/2020-ci tədris ili üçün 1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicə masajı” ixtisasına gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb.

Dövlət İmtahan Mərkəzindən İnsider.az-a verilən məlumata görə, həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər aşağıda göstərilən sənədləri avqustun 16-dək mərkəzə və ya DİM-in regional bölmələrinə təqdim etməlidirlər:

• Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayış;

• Yaşadığı ərazi üzrə poliklinikadan “peşəyə yararlılıq haqqında” tibbi arayış (AZS №086);

• “Abituriyentin elektron ərizəsi”.

Qeyd edək ki, cari ilin məzunları müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər. Əvvəlki illərin məzunları üçün isə müsabiqə 2019-cu il 28 aprel tarixində keçirilmiş imtahanın nəticələrinə əsasən aparılacaq.

Müsabiqədə ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan ( xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.