baki-xirdalan-sumqayit-elektrik-qatarlarinin-fealiyyeti-ne-zaman-berpa-olunacaq-video

Bakı-Xırdalan-Sumqayıt elektrik qatarlarının fəaliyyəti nə zaman bərpa olunacaq? - VİDEO

Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsünün sökülərək, yenidən tikintisi səbəbindən Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılıb.

İnsider.az xəbər verir ki, qatarlar avqustun 10-dan noyabrın 10-dək hərəkətdə olmayacaq.

Buna görə də qeyd olunan müddət ərzində Biləcəri və Xırdalan istiqamətində elektrik qatarları hərəkət etməyəcək. Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsü genişləndirilmə işlərinə mane olur. Bu səbəbdən köhnə körpü söküləcək və onun yerində yeni biraşırımlı tağlı dəmir yolu körpüsü inşa olunacaq.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sözçüsü Natavan Bayramova Baku TV-yə bildirib ki, Sumqayıta gedən və Sumqayıtdan Bakıya gələn sərnişinlərin narahatlığına səbəb yoxdur:

“Hazırda Abşeron dairəsi üzrə tam hərəkət mövcud olduğundan həmin sərnişinlər digər istiqamətdə, yəni Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkətlərinə davam edə bilər”.

Natavan Bayramova onu da deyir ki, sərnişin sıxlığını aradan qaldırmaq üçün yeni qatarlar xəttə buraxılacaq. 

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması ilə əlaqədar Bakı-Sumqayıt-Bakı marşrutu üzrə işləyən elektrik qatarları avqustun 31-dək həftə sonları hərəkətdə olmayacaq.