bakida-dibi-baglanan-agaclarla-bagli-aciqlama-yenilenib-foto

Bakıda dibi bağlanan ağaclarla bağlı açıqlama - YENİLƏNİB + FOTO

Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində ağacların dibinin asfaltlanması ilə bağlı sosial şəbəkədə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb və fakt təsdiqini tapıb.

Bunu Xidmətin rəsmisi Vaqif Cavadov bildirib.

“Əməkdaşlarımızın nəzarəti altında Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən ərazidəki ağacların dibi asfaltdan təmizlənib və onlara aqrotexniki xidmət göstərilib”.

V.Cavadov analoji halların təkrarlanmaması üçün yerli icra hakimiyyətlərinə müraciət edib:

“Belə halların baş verməməsi üçün, çox istərdik ki, yerli icra orqanları öz xidməti ərazilərində olan yaşıllıq sahələrinə, ağaclara həssaslıqla yanaşsınlar, bu cür halların təkrarlanmaması üçün nəzarəti gücləndirsinlər”.

Xidmət rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərən ictimaiyyət və media nümayəndələrinə göstərdikləri vətəndaşlıq mövqeyinə və sayıqlıqlarına görə təşəkkür edib.

11:32

Bakı şəhərində tikinti şirkəti ağacların dibini betonlayıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Azadlıq prospekti ilə akademik Həsən Əliyev küçəsinin kəsişməsində tikinti şirkəti ağacları budayıb, dibini isə betonlayıb. 

Həmin görüntüləri təqdim edirik:

 

Oxu.Az