bakida-fintex-sammit-2020-kecirilecek

Bakıda “FİNTEX SAMMIT 2020” keçiriləcək

Maliyyə sektorunun iştirakçılarının dəstəklənməsi, onların doğru platforma üzərindən trendləri yaxından izləməsi, bilik və təcrübələrini bölüşməsi, yeni tərəfdaşlar tapması və öncəkindən də daha çox yeni imkanlar əldə etməsi üçün oktyabrın 8-9-da “FİNTEX SAMMIT 2020” – onlayn (Maliyyə və Texnologiyalar Sərgisi) tədbiri keçiriləcək. 

İnsider.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosasiyasından bildirilib.

Məlumata görə, sammit “FINTEX ONLAYN VISA” ilə tərəfdaşlıq çərçivəsində "Bank və ödəniş ekosistemində yeni trendlər: İnnovativ həllər, fintexlər və təhlükəsizlik" mövzusunda olacaq. 

"FİNTEX SAMMİT" sonsuz imkanlara malik virtual Sammitdir və özündə virtual auditoriya, virtual stendlər, virtual laundj, netvörkinq və digər üstünlükləri birləşdirir. Kifayət qədər tarixə malik olan tədbir bütün maraqlı tərəflərin bir araya gələrək, yeni fikirlər, təcrübələr bölüşdüyü, məhsullar təqdim etdiyi, bir-birlərindən öyrəndiyi, işgüzar əlaqələr qurduğu və maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminin dərin mövzularının birlikdə müzakirə olunduğu mükəmməl bir platforma olaraq özünü sübut edib.

“FİNTEX SAMMİT” Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Sammit tənzimləyici orqanın, bankların, fintexlərin, assosiasiyaların, beynəlxalq maliyyə təşkilatların, yerli səfirliklərin, akademik dairələrin, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərarqəbuledicilər və influenserləri bir araya gətirir.

Bu dəfəki sammitdə "Maliyyə xidmətlərində gələcək risklər", "Fintex: tərəfdaşlıq və əməkdaşlıq dövrü", "Ödəniş ekosistemi: dəyişən vərdişlər", "Platforma bankçılığı və rəqəmsal ekosistemlər", "Alternativ maliyyələşmə", "Müştəri təcrübəsi: bankçılıq və fintexin dəyişən dünyası", "Kibertəhlükəsizlik əvvəlkindən daha da vacibdir", "Data: bankçılıq və fintexin gələcəyi", "Blokçeyn və rəqəmsal aktivlər", "Tənzimləyici çərçivə: texnologiyanın tətbiqi", kimi mövzular müzakirə olunacaq. Tədbir çərçivəsində “Maliyyə və Rəqəmsal Texnologiya Günləri” elan ediləcək və müxtəlif əlaqədar yan tədbirlər də (mitaplar vebinarlar, yarışmalar və s.) keçiriləcək.

Report