bakida-parklama-qaydalarina-niye-emel-edilmir

Bakıda parklama qaydalarına niyə əməl edilmir?

Bildiyimiz kimi, ildən-ilə sayı artan avtomobillər üçün saxlama yerlərinin məhdud olması yollarda tıxaclara gətirib çıxarmaqla yanaşı, bir çox yerlərdə piyadaların da hərəkətinə maneələr yaradır. Belə ki, küçələrin hərəkət hissəsi parklama üçün azlıq təşkil etdiyinə görə bir çoxları öz avtomobilini səkilərdə saxlayır.

Paytaxt sakinlərinin fikrincə, son vaxtlar Bakı Nəqliyyat Agentliyi parklama ilə bağlı qaydaları pozanlara qarşı kütləvi cərimə tətbiq etməsi nəticəsində vəziyyət bir qədər yaxşılaşsa da, habelə paytaxtın bir sıra yerlərində yeraltı və yerüstü parklama yerləri tikilsə də, qaydalara riayət etməyənlər də az deyil.

 

 

Belə ki, bir çox avtomobil sahibləri belə park yerlərindən istifadə etmək istəmir və bunun üçün müxtəlif bəhanələr gətirirlər. Halbuki nəzərdə tutulmayan yerdə avtomobil saxlamaq üçün 20 manat məbləğində cərimə, yaxud maşının cərimə dayanacağına aparmaq kimi cəza tədbirləri tətbiq olunur. Lakin “Report” tərəfindən sorğu keçirilmiş avtomobil sahiblərinin 20 faizi maşını xüsusi parkinqlərə yerləşdirməyin xeyli vaxt apardığı, 15-20 dəqiqə üçün buna dəymədiyini bildiriblər.

Belə çıxır ki, bəzi vətəndaşlar öz rahatlığı naminə mövcud qaydaları pozmaqda, başqaları üçün çətinlik və hətta təhlükə yaratmaqda elə bir qəbahət görmürlər.

 

 

Sorğu iştirakçılarının üçdə birinə qədəri isə bəzi parklama yerlərinin qüsurlu olduğunu bildirirlər. Məsələn, sual verdiyimiz avtomobil sahiblərindən biri Azadlıq meydanında yerləşən “Azadlig Parking”in girişində clereancesi az olan maşınının hər dəfə bamperilə asfalta dəydiyini qeyd edib. Başqası isə kitab pasajının yaxınlığındakı “McDonalds”ın parklama yerində cəmi bir giriş olduğu üçün oraya girərkən başqa maşının çıxmasını gözləmək lazım gəldiyini, nəticədə buradan keçən yolda tez-tez tıxacların yarandığını diqqətimizə çatdırıb.

Çoxları isə parklama yerlərində maşın saxlamağın baha olmasından gileyləniblər. Bu məsələni növbəti yazımızda ayrıca araşdıracağıq.

Avtomobil sahibləri çox vaxt Bakı Nəqliyyat Agentliyini, yol polisinin işlərini yarıtmaz görməkdə qınayırlar. Hörmətli sürücülər, bəlkə nöqsanı əvvəlcə özünüzdə axtarasınız? Belə ki, hər birimiz mövcud qaydalara əməl etsə və başqasının da yol verdiyi pozuntuya biganə qalmasa, onu qayda-qanuna dəvət etsə, heç şübhəsiz, işlər daha tez yoluna qoyular.

Report