Bu gün Bakıda İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə Qadın Sosial Sahibkarlıq Forumu keçirilir.
İnsider.az xəbər verir ki, tədbiri giriş sözü ilə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov açıb.
O, ölkədə sahibkarlığın inkişaf etdiyini, ümumi daxili məhsulda özəl sektorun payının 84%-i keçdiyini bildirib.
Nazir müavini daha sonra qadın sahibkarlığının vəziyyəti barədə də danışıb və biznesi olan qadınlara məqsədyönlü dəstəyi təmin etmək üçün Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının yaradıldığını qeyd edib: “Assosiasiya qadın sahibkarlığının inkişafı üçün aktiv çalışır”.
Bundan başqa, N.Səfərovun sözlərinə görə, Azərbaycanda sosial sahibkarlığa da dövlət səviyyəsində dəstək verilib: “Bunun üçün ən yaxşı nümunə ABAD layihəsidir. Bu istiqamətdə görülən tədbirlərin miqyasını genişləndirməyə çalışacağıq”.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edib. O bildirib ki, qadınların fəaliyyətinin dəstəklənməsi və gücləndirilməsi xüsusi önəm kəsb edir: “Komitə bu istiqamətdə fəaliyyətində beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir".
© Report