Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”-nin açılışına həsr olunmuş tədbir keçirilib.
İnsider.az-ın məlumatına görə, tədbirdə Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Baş Prokurorun birinci müavini Rüstəm Usubov, Hərbi Prokuror, general-leytenant Xanlar Vəliyev, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Azərbaycan Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov, Milli Məclisinin deputatları - Aydın Mirzəzadə, Əflatun Amaşov, Aqil Abbas və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə general-polkovnik Elçin Quliyev, Əbülfəs Qarayev, Anar, Yaqub Mahmudov və general-polkovnik Mədət Quliyev çıxış ediblər. Çıxışlarda muzeyin ekspozisiyasının Azərbaycan tarixinin ən acı səhifələrini əyani sürətdə əks etdirməsi, 1920-1950-ci illərdə dövlətin apardığı siyasət nəticəsində on minlərlə ictimai və dövlət xadiminin, elm, mədəniyyət, incəsənət nümayəndələrinin, sıravi vətəndaşların repressiyaya məruz qalması xüsusi qeyd edilib.
Azərbaycan tarixinə bir sərhədçi töhfəsi olaraq Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində DSX-nin inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin yaradılması 1925-ci ildən sonra bu binada dövlətin əsas repressiv orqanlarının fəaliyyət göstərməsi ilə bilavasitə əlaqədardır. Binanın zirzəmisində həbs olunanların saxlanılma kameraları, istintaq otaqları, ölüm hökmü çıxarılanların güllənməsi yerləri mövcud olub. Muzeyin yaradılmasında əsas məqsədlərdən biri də repressiya qurbanlarının xatirəsinə ehtiram və yaxın keçmişimizin qanlı səhifələri haqqında gənc nəslin nümayəndələrinin düzgün məlumatlandırılmasıdır.
Muzeyin ekspozisiyasının əsasını Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində, Milli Arxiv İdarəsinin Dövlət və Kino-Foto arxivlərində, Dövlət Təhlükəsizlik Xidmətinin arxivində saxlanan sənədlər və fotoşəkillər, həmçinin yerli sənətkarların hazırladıqları kompozisiyalar təşkil edir. Bir sıra sənədlər Rusiya arxivlərindən əldə olunmuş, Qazaxıstan “ALJİR” siyasi repressiya müzeyi tərəfindən təqdim olunmuşdur. Muzeyin ekspozisiyasının hazırlanmasına Mədəniyyət Nazirliyi və A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən də köməklik göstərilib.
Müzeyin əsas zalında “Danışan sənədlər” adlanan lövhədə repressiyanın həyata keçirilməsi ilə bağlı 1920-1930-cu illərdə qəbul edilmiş sənədlərin surətləri verilib.
Muzeyin əsas zalında yerləşdirilən lövhələrdən biri rerpessiyaya məruz qalmış azərbaycanlı hərbi xadimlərə həsr olunub. Burada həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə xidmət etmiş generallar – Həbib bəy Səlimov, Firudin bəy Vəzirov, Süleyman bəy Sulkeviç, İbrahim ağa Usubov və digərləri, həm də sovet Azərbaycanının hərbiçiləri – generallar Cəmşid Naxçıvanski və Qambay Vəzirov, polkovniklər Qalib Vəkilov, Məmməd Veysov, Seyfulla Mehtiyev və başqaları haqqında məlumat və fotoşəkillər verilib.
Növbəti lövhə 1920-ci ilin yanvarında təhsil almağa və təhsillərini davam etdirmək üçün Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Avropaya göndərilən gənclərin təhsillərini başa vurub Vətənə qayıdandan sonra məruz qaldıqları repressiyalara həsr edilib. Belə ki, Vətənə dönmüş 56 ali təhsilli mütəxəssisin 38-i güllələnib və ya sürgün edilib.
Siyasi repressiya qurbanı olan qadınlara həsr olunmuş lövhədə güllələnmiş beş qadın – Xədicə Qayıbova, Mədinə Qiyasbəyli, Nemət Məlikova, Panfiliya Tanailidi və Ayna Sultanova, həmçinin güllələnmiş “xalq düşmənlərinin” islah-əmək düşərgələrinə sürgün olunmuş həyat yoldaşları haqqında məlumatlar verilib. Lövhədə qadınların həbsi və cəzası ilə bağlı sənədlərin surətləri yerləşdirilib. Tanınmış şair Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin himayəsində dörd azyaşlı uşaq olmasına baxmayaraq, sürgün edilməsi haqqında sənədin surəti də lövhədə yer alıb. Qadınların repressiyasına həsr olunmuş daha bir lövhədə Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsində (АЛЖИР – Акмолинский Лагерь Жен Изменников Родины) cəza çəkmiş 44 azərbaycanlı qadın haqqında məlumat verilib.
Ayrıca bir lövhə böyük dramaturq və şair Hüseyn Cavidə həsr edilmişdir. Təqdim olunan sənədlərdə dahi mütəffəkirimizin sovet dönəmində üzləşdiyi repressiyalar ifadə olunub. Növbəti lövhədə Azərbaycan ziyalıların məruz qaldıqları repressiyalardan bəhs edilir. Burada şair Mikayıl Müşviq, pedaqoq Tağı Şahbazi, aktyor Abbas Mirzə Şərifzadə və digərlənin güllələnməsi barədə aktların və arayışların surətləri nümayiş olunur.
Muzeydə azərbaycanlıların Ermənistandan deportasiyasına xüsusi diqqət ayrılıb. Müvafiq lövhədə yerləşdirilmiş sənədlər sonda azərbaycanlıların doğma torpaqlarından deportasiyası ilə yekunlaşan SSRİ rəhbərliyinin xaricdə yaşayan ermənilərin Ermənistana köçməsinə dəstəyi, Ermənistanda yaşayan azərbaycanlıların vəziyyətinə kifayət qədər diqqət ayırmaması siyasətindən xəbər verir. Həmin lövhədə Sovet İttifaqı Kommunist Partiyasının və SSRİ-nin icra orqanlarının Azərbaycanda yaşayan almanların və İran təəbəsi olan azərbaycanlıların respublikadan çıxarılması haqqında sənədlərinin surətləri də yerləşdirilib.
Repressiya illərində bolşeviklərin siyasi məhbuslarla davranması barədə ziyarətçilərdə təsəvvür yaratmaq məqsədi ilə muzeydə saxlama kameraları, karserlər, dindirilmə otağı, güllələnmə otağı tarixi rekonstruksiya üsulu ilə bərpa edilib. Muzeyin dəhlizlərində qanunsuz həbsə etirazı, azadlığa can atmanı simvolizə edən kompozisiyalar quraşdırılıb. “Repressiya burulğanı”, “Ümid işığında” adlı kompozisiyalarda zindan həyatını yaşamış və Vətənindən didərgin edilmiş soydaşlarımızın keçirdikləri iztirab və əziyyətləri rəmzi formada ifadə olunub.
Muzey fəaliyyətə başladıqdan sonra Rusiya və Qazaxıstanda keçmiş islah-əmək düşərgələri və sürgün ərazilərində təşkil olunan siyasi repressiya muzeyləri ilə əlaqə yaradılması, həmin düşərgələrdə cəza çəkmiş azərbaycanlılar haqqında məlumatların toplanılması və yenilənmiş ekspozisiyalar vasitəsilə ziyarətçilərin diqqətinə çatdırılması, siyasi repressiya qurbanlarının yaxın qohumlarının muzeyin işinə cəlb edilməsi, qanunsuz təqib olunan şəxslərə məxsus sənədlərin və əşyaların əldə olunması istiqamətində fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.
DSX muzeyin fəaliyyətinə kömək məqsədilə siyasi repressiya qurbanlarının nəvə və nəticələrini, yaxın qohumlarını əməkdaşlığa dəvət edir, muzeyin fondlarının zənginləşdirilməsinə töhfə verə biləcək hər bir təşəbbüsü dəstəkləyir.
© Report.az