bakida-turkdilli-dovletlerin-emekdasliq-surasinin-7-ci-sammiti-baslayib

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci sammiti başlayıb.

İnsider.az xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş naziri Viktor Orban və Qazaxıstanın birinci prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev iştirak edir.

Zirvə görüşü Türk Şurasının yaradılması haqqında Naxçıvan sazişinin (3 oktyabr 2009) imzalanmasının 10 illiyinə həsr edilib. O vaxt sazişi Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan liderləri imzalayıblar.

Azərbaycanın paytaxtında Özbəkistanın təşkilata daxil olması ilə bağlı rəsmi qərarın qəbul ediləcəyi, bir sıra sənədlərin imzalanacağı, xüsusən də Budapeştdə Türk Şurasının Avropa ofisinin fəaliyyətinə dair qərar qəbul ediləcəyi gözlənilir.

Sammit çərçivəsində TürkPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Ticarət və Sənaye Palatası kimi qurumların fəaliyyətlərinin əlaqələndirilməsini təmin edən Türk Şurasının Koordinasiya Komitəsinin yaradılması barədə qərar qəbul ediləcək.

Qeyd edək ki, Türk Şurası türk dünyası ölkələri arasında dialoq və əməkdaşlığı təşviq etmək üçün yaradılan beynəlxalq platformadır.

Report