Türkiyədə baş vermiş zəlzələ qurbanlarına yardım məqsədilə Bakıda ictimai yardım kampaniyası davam edir. Qardaş ölkəyə dəstək məqsədilə vətəndaşlarımız könüllü olaraq müxtəlif zəruri tələbat məhsullarını Heydər Əliyev adına İdman Konsert Kompleksində (Tbilisi prospekti) təşkil edilən yardım məntəqəsinə çatdırır, burada isə onların toplanması, çeşidlənməsi, tırlara yığılaraq göndərilməsi təmin edilir.
Qeyd edək ki, əsas tələbat məhsulları sırasında təzə geyim, quru qida (bulqur, düyü, şəkər tozu və s.), uşaq bezləri, kişi və qadın gigiyena vasitələri, uşaq yeməklərinə (son istifadə müddətinə ən az 3 ay qalmaqla) xüsusilə zərurət duyulur.
Hazırda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin könüllüləri yüzlərlə könüllü vətəndaşlarımız ilə bir arada yardım məntəqəsində fəal iştirak edir.
Qeyd edək ki, Məntəqədə yardım hər gün saat 10:00-dan 18:00-a kimi qəbul olunur. Yardım kampaniyası fevralın sonunadək davam edəcək.