bakida-usaqlarin-quyuya-duserek-olmesinin-teferruati-yenilenib-foto-video

Bakıda uşaqların quyuya düşərək ölməsinin TƏFƏRRÜATI - YENİLƏNİB + FOTO/VİDEO

Ötən gecə Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində iki azyaşlı quyuya düşərək ölüb.

“Qafqazinfo”nun əməkdaşları hadisə yerinə yollanıblar.

Ərazidə olan sakinlər hadisənin necə baş verməsi ilə bağlı məlumat veriblər:

“Saat 8-dən xəbər tutulub ki, uşaqlar yoxdur. Bütün qonşulara hay düşüb və axtarmağa çıxıblar. Görən olub ki, iki uşaq əlində süpürgə ilə gedib. Axtara-axtara gəlib buradan süpürgəni tapıblar. Daha sonra quyuda suyun üstündə uşağın başmağı olub. Məlum olub ki, uşaqlar buradadırlar. Daha sonra polislər və FHN-in əməkdaşları gəldilər. Saat 2-yə qalmış birinin, 4-ə qalmış da digər uşağın cəsədi quyudan çıxarıldı”.

Qeyd edək ki, qonşuluqda yaşayan uşaqlar 2013-cü il təvəllüdlü olublar.

09:39

Sabunçu rayonunda quyuya düşərək ölən uşaqların adları məlum olub. 

Həmin şəxslər - Maştağa qəsəbə sakinləri, 2013-ci il təvəllüdlü Ağa Taleh oğlu Rəhimov və 2013-ci il təvəllüdlü Hüseyn Mətləb oğlu Qasımovdur. 

Uşaqlar dost olub və ərazidə oyun oynayan zaman ehtiyatsızlıqdan quyuya yıxılıblar. Hadisə zamanı hər iki uşaq ölüb.

08:24

Bakıda iki azyaşlı quyuya düşərək ölüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində iki azyaşlının quyuya düşməsi barədə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2013-cü il təvəllüdlü 2 uşaq dərinliyi təxminən 45-50 metr, diametri 2,5 metr olan su, mazut və məişət tullantıları ilə dolu quyuya düşüblər.

Xilasedicilər xüsusi vasitələrlə azyaşlıların cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Oxu.Az