“Bank VTB (Azərbaycan)” ASC-nin dəstəyi və “Baku Sporting” futbol klubunun təşkilatçılığı ilə Bakıda 11 yaşadək uşaqlar arasında “VTB Azərbaycan Kuboku” adlı futbol turniri keçirilib. Üç yarış gününün yekunlarına görə, turnirdə ev sahibi “Baku Sporting” komandası qalib gəlib.
Turnirdə Bakı, Sumqayıt və Qusardan 8 komanda iştirak edib. Açılış mərasimindən sonra turnirin püşkatma mərasimi keçirilib və nəticədə komandalar 2 qrupa bölünüb. A qrupunda “Baku Sportinq”, “Zirə”, “Təkin” və “Səbail” komandaları, B qrupunda isə “Sumqayıt”, “Metak”, “Neftçi” və “Mübariz” yarımfinala çıxmaq uğrunda mübarizə aparıb. Final qarşılaşmaları və mükafatlandırma mərasimi iyulun 3-də baş tutub.
Üç yarış gününün nəticələrinə əsasən, finalda turnirin ev sahibi “Baku Sporting” komandası ötənilki qalib Sumqayıt komandası ilə qarşılaşdı. Gərgin keçən oyunda 1:0 hesabı ilə “Baku Sporting” komandası qalib gələrək turnirin qalibi olub. Üçüncü yeri “Metak” komandası tutub. Qalib və mükafatçılar kubok və medallarla təltif olunublar. Turnirin bombardiri, ən yaxşı oyunçusu və ən yaxşı qapıçısına da fərdi mükafatlar təqdim olunub.
Açılış mərasimində “Bank VTB (Azərbaycan)” ASC-nin İdarə Heyətinin üzvü, pərakəndə biznes departamentinin direktoru Yevgeni Borodin idman tədbirinin bütün iştirakçılarını təbrik edib: “İdman və sağlam həyat tərzinin təbliği VTB Azərbaycanın sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Bankımız buna görə də ardıcıl ikinci ildir ki, “VTB (Azərbaycan) Kuboku” uşaq futbolu turnirinə dəstək verir. Ötən il altı komanda qələbə uğrunda mübarizə aparırdısa, bu il onların sayı 8-ə yüksəlib. İştirakçıların sayının getdikcə artmasına şadıq və bunun yaxşı ənənəyə çevriləcəyinə ümid edirik. Bütün yarış iştirakçılarını ürəkdən təbrik edir, onlara gələcəkdə peşəkar uğurlar və qələbələr arzulayıram”.