Mayın 26-da Bakıda və Abşeron yarımadasında gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, axşam isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda deyilir.
Havanın temperaturu gecə 17-20° isti, gündüz 24-27° isti, Bakıda gecə 18-20° isti, gündüz 24-26° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 28-33° isti, dağlarda isə gecə 9-14° isti, gündüz 15-20° isti təşkil edəcək.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti növbəti üç günün hava proqnozunu da yayıb.
Respublikanın rayonlarında mayın 26, 27, 28-də hava şəraitinin dəyişkən olacağı gözlənilir.
Məlumata görə, mayın 29-dək əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimal edilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir.
Havanın temperaturu gecə 15-20°, gündüz 28-33° isti, dağlarda gecə 9-14°, gündüz 15-20° isti olacaq.