bakida-yeni-metro-stansiyasi-istifadeye-verilecek

Bakıda yeni metro stansiyası istifadəyə veriləcək

2020-ci ildə “Bakı Metropoliteni”nin Bənövşəyi xəttin üçüncü stansiyası istifadəyə veriləcək.

İnsider.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov bildirib ki, həmin stansiyanın arxasında dönmə kamerası (qatarın bir yoldan başqa yola çıxışını təmin edən infrastruktur) qurulur.

“Bu isə həm hərəkət qrafikini təşkil etmək baxımından qatarların sayının artırılması, həm də Xocahəsən deposunun qismən istifadəyə verilməsini tələb edən prosesdir. Deponun həmin hissəsinin layihələndirilməsi işləri sürətlə davam edir”.

B.Məmmədovun sözlərinə görə, 2018-ci ildə “Avtovağzal” stansiyasından Xocahəsən deposuna aparan tunellərdən biri inşa olunub.

“2018-ci ildə bu tunellərdən biri inşa olunmuşdu. Yaxın aylarda digər tunelin də inşası tamamilə başa çatdırılacaq, yol və digər infrastruktur işlərinin aparılmasına başlanılacaq”.