Bakının Binəqədi rayonundakı küçələrdən birinə şəhid jurnalist Məhərrəm İbrahimovun adı verilib.
Bunu açıqlamasında şəhidin qardaşı jurnalist Əsgər İbrahimov bildirib.
Onun sözlərinə görə, bu barədə qərar Binəqədi Rayon İcra Hakimiyyəti başçısının təqdimatı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən verilib.
Qərara əsasən, M.Ə.Rəsulzadə qəsəbəsində vaxtı ilə yaşadığı küçəyə M.İbrahimovun adı verilib. Küçə yeni yaradılıb. Artıq küçəyə lövhələr vurulub.
Qeyd edək ki, noyabrın 25-də Abşeron rayonunun Müşfiqabad qəbiristanlığında şəhid jurnalist Məhərrəm İbrahimovun qəbirüstü xatirə bulağının açılış mərasimi keçirilib.
Xatırladaq ki, 2021-ci il iyunun 4-də saat 11.00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər - AZƏRTAC-ın müxbiri M.İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olublar.
M. İbrahimov jurnalist fəaliyyəti boyunca daim hərbi reportyor kimi Azərbaycan Silahlı Qüvvələrinin həm cəbhə bölgəsindəki, həm də digər ərazilərindən reportajlar hazırlayaraq, informasiya müharibəsində ön sıralarda olub.
Ölümündən sonra M.İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailəli idi, iki övladı var.
Report