Bu gün səhər saatlarında Bakının giriş və çıxışlarında yaranmış tıxacların səbəbi bəlli olub.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu gün səhər saatlarında Bakı şəhərinin giriş və çıxışlarında xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş polis postlarında müşahidə edilən avtomobil tıxacının aradan qaldırılması üçün operativ tədbirlər həyata keçirilib.
İlkin araşdırmalar zamanı tıxacın yaranma səbəbləri məlum olub. Müəyyən edilib ki, xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən təşkilat və müəssisələrin şəxsi avtomobilləri ilə hərəkətlərinə icazə verilmiş əməkdaşları, onlara verilmiş bu imtiyazdan sui-istifadə edərək sərtləşdirilmiş rejim günlərindən öncə paytaxtı tərk edərək respublikanın müxtəlif regionlarına getməyə cəhd ediblər.
Həmin şəxslərin müəyyən edilərək barələrində qanunauyğun müvafiq tədbirlər görülməsi üçün araşdırmalar aparılır.