bakinin-kucelerinden-biri-esasli-temir-olunur

Bakının küçələrindən biri əsaslı təmir olunur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Nizami rayonunun Şirin Mirzəyev küçəsinin əsaslı təmirinə başlayıb.

Məlumatda deyilir ki, küçə uzun müddət təmir olunmadığı üçün rahat gediş-gəliş üçün çətinliklər yaranırdı. Bu problemin aradan qaldırılması istiqamətində agentlik tərəfindən aparılan işlər artıq yekunlaşır.

Əsaslı şəkildə təmir olunan küçənin uzunluğu 330 metr, eni isə ortalama 9 metr təşkil edir.

Aparılan təmir işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Hazırda isə frezlənmiş əraziyə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.

Bununla yanaşı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunur, köhnə səki daşları yenisi ilə əvəz edilir.

Tikinti layihəsinin sonuncu mərhələsində zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə yaxın müddət ərzində sözügedən küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Təmir işləri tərtib olunmuş qrafikə uyğun, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən icra olunur. İşlərin vaxtında yekunlaşması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.