bali-adasi-turistler-ucun-acilmayacaq

Bali adası turistlər üçün açılmayacaq

İndoneziya Bali kurort adasının xarici turistlər üçün açılması planlarından imtina edib.

Koronavirusla mübarizə üzrə hökumətlərarası qrupa rəhbərlik edən Dəniz işləri və investisiyalar üzrə nazir Luxut Binsar Pancaitan bunu “delta” ştammının sürətlə yayılması ilə əlaqələndirib.

“Adanın açılması qeyri-mümkündür, bu səbəbdən bu cür planları artıq nəzərdən keçirmirik”, - məmur bildirib.

Onun sözlərinə görə, başlıca məqsəd koronavirusun qarşısını almaq və peyvəndlənmiş şəxslərin sayını artırmaqdır.

Xatırladaq ki, İndoneziya hakimiyyəti iyulun 3-dən etibarən Bali vilayətində və Yava adasında ən ciddi sosial-iqtisadi məhdudiyyətlər tətbiq edib. Ən mürəkkəb vəziyyət məhz Yava adasında müşahidə olunur. “LaporCOVID-19” adlı yerli QHT iyun ayı ərzində adada 260 adamın vaxtlı-vaxtında tibbi yardım ala bilmədiyindən vəfat etdiyini açıqlayıb. Məlumatlara görə, yerli xəstəxanaların 90%-i doludur.