Ölkəmizdə bir çox korporativ sosial məsuliyyət yönümlü layihələrin təşəbbüskarı və dəstəkçisi olan Bank Respublika, “YAŞAT” Fondunun və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin şəhid övladları üçün birgə təşkil etdiyi "YAŞAT" düşərgəsinə dəstək oldu.
27-30 may tarixlərində Qəbələ Olimpiya və İdman Kompleksində həyata keçirilən yay düşərgəsində ölkəmizin müxtəlif regionlarından (Kürdəmir, Balakən, Şəki, Qəbələ, Şamaxı və İmişli) 8-13 yaş aralığındakı şəhid övladları iştirak edib.
Yay düşərgəsinə cəlb olunan qəhrəman övladları Qəbələ Olimpiya və İdman Kompleksində peşəkar məşqçi heyəti tərəfindən futbol, taekvondo, qaydasız döyüş, cüdo, boks, gimnastika və digər idman növlərinin məşqlərinə cəlb olunub.
Bundan başqa uşaqlar futbol üzrə Azərbaycan kubokunun final görüşündə futbolçularla birgə meydana çıxıblar. Uşaqlar üçün həmçinin Qəbələnin görməli yerlərinə ekskursiyalar da təşkil edilib.
Layihənin son günü, Bank Respublika əməkdaşları 1 iyun – Uşaqların müdafiəsi günü münasibətilə qəhrəman şəhidlərimizin övladlarına skuterlər və digər qiymətli hədiyyələr də təqdim edib.
Qeyd edək ki, müharibədən sonra şəhid ailələrinə və qazilərə xüsusi diqqətin göstərilməsi “Bank Respublika”nın sosial layihələrinin əsas istiqamətlərindən biridir. Bank Respublika həm də, “YAŞAT” Fondu, “Silahlı Qüvvələrə Yardım Fond”u və “Qarabağ Dirçəliş Fondu”na vəsait ianə edən ilk banklardan biridir.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.