bank-vtb-azerbaycan-2019-cu-ili-menfeetle-basa-vurub

Bank VTB (Azərbaycan) 2019-cu ili mənfəətlə başa vurub 

4 mart 2020-ci il tarixində bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirinin bankın 2019-cu il fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirilib. Belə ki, 2019-cu ili bank 4,8 mln manat mənfəətlə başa vurub. 2019-cu ildə xalis faiz gəliri  3,8 mln manat təşkil edib. Xalis komissiya gəliri 1,2 mln manat olub ki, bu da 2018-ci ili nəticəsindən 0,4 mln azn (il ərzində 54%) çoxdur. Bankın əməliyyat mənfəəti 6,5 mln manat təşkil edib.

31 dekabr 2019-cu il tarixinə bankın kapitalı 58 mln manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 9% çoxdur. Bankın kapital adekvatlığı Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə müvafiq olaraq 58,5% təşkil edib.

Hesabat dövrü ərzində fiziki şəxslərin sağlam kredit portfeli 1,8 dəfə artıb. Bu artıma ipoteka və nağd kredit, eləcə də kredit kartlarının verilməsi hesabına nail olunub. Hüquqi şəxslərin sağlam kredit portfeli 2,9 dəfə artıb.
31 dekabr 2019-cu il tarixinə bankın depozit portfeli 70,1 mln manat təşkil edib. Bunlardan 35,1 mln manatı fiziki şəxslərin, 35 mln manatı isə hüquqi şəxslərin payına düşür. İl ərzində tələbli depozitlər 6% artıb və müştəri vəsaitlərinin ümumi həcminin 49% təşkil edib.

2019-cu ildə emissiya edilmiş bank kartlarının sayı 2018-ci illə müqayisədə 45%  artaraq 4700 ədədi keçib.2018-ci illə müqayisədə internet-bank istifadəçilərinin sayı 86% artıb.

“ 2019-cu ildə biz bank xidmətlərinə distant kanallar vasitəsilə çıxışı genişləndirmək istiqamətində əhəmiyyətli iş həyata keçirmişik. Bu da bir tərəfdən xidmət keyfiyyətinin artırılmasına, digər tərəfdən isə iqtisadiyyatda nağd hesablaşmaların payının azaldılmasına kömək edir”- deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin bildirib.