bank-vtb-azerbaycan-2019-cu-ilin-9-ayi-uzre-maliyye-gostericilerini-aciqlayib

  Bank VTB (Azərbaycan) 2019-cu ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb 

2019-cu ilin 3 rübün nəticələrinə görə bank VTB (Azərbaycan)-ın xalis mənfəəti 6,3 mln manata çatıb.  

Cari ilin yanvar-sentyabr aylarında xalis faiz gəliri 5% artaraq 2,6 mln manat, qeyri-faiz gəliri isə 3,3 mln manat təşkil edib. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün olan xüsusi ehtiyatı 3,3 mln manatadək azaltmağa nail olub. 

İlin əvvəlindən VTB (Azərbaycan) məcmu kapitalını 59,7 mln manata (+12%) çatdırıb, məcmu kapitalın və 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı müvafiq olaraq 70,7% və 62% təşkil edib. 
3-cü rübdə bank həm pərakəndə, həm korporativ biznes üzrə göstəriciləri artırmağa davam edib. Fiziki şəxslərin kredit portfeli 83,2 mln manat təşkil edib. 9 ay ərzində fiziki şəxslərə nağd kredit və kredit kartlarının verilməsi 2 dəfə artaraq müvafiq olaraq 1,6 mln manat və 0,8 mln manat təşkil edib.

2019-cu ilin yanvar-sentyabr aylarında orta biznesin kredit portfeli 1,5 dəfə artaraq 44,9 mln manata çatıb. Bu seqmentdə sənədli əməliyyatların həcmi 2 dəfədən çox artıb və 2,9 mln manat təşkil edib. Hüquqi şəxslərin kreditləşməsi üzrə göstəricilərin artımına orta və kiçik biznes üçün yenilənmiş məhsul çeşidi təsir edib. 

VTB (Azərbaycan) AR prezidenti İlham Əliyevin ölkədə nağdsız ödənişlərin həcminin genişləndirilməsi üzrə siyasətinə və 2018-20-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramına əməl edir. Bunun üçün bank  bu istiqamətlərin inkişafı üzrə fəal iş görməkdədir. Belə ki, kart biznesinin inkişafı çərçivəsində kart istifadəçilərinin bank xidmətlərinə çıxış imkanlarını genişləndirmək istiqamətində tədbirlər görülüb, Cashİn funksiyalı (resayklinq) bankomatları istismara verilib. Cari ilin 3 rübünün nəticələrinə görə, 2018-ci ilin analoji dövrü ilə müqayisədə kart hesabları 35%, bankın kartları vasitəsilə aparılan nağdsız ödənişlər isə 3 dəfə artıb.