banklarin-verdiyi-kreditin-faizi-artacaq-aciqlama-foto

Bankların verdiyi kreditin faizi artacaq? - AÇIQLAMA + FOTO

Mərkəzi Bank tərəfindən məcburi ehtiyat normalarına və onun diferensiallaşdırılmasına yenidən baxmaq zərurəti yaranıb. Beləliklə, Mərkəzi Bankın İdarə Heyətinin 28 dekabr 2022-ci il tarixli 60 nömrəli qərarı ilə məcburi ehtiyat normaları milli valyutada cəlb edilmiş fiziki şəxslərin və fərdi sahibkarlıq depozitləri üzrə 5, xarici valyutada cəlb edilmiş fiziki şəxslərin və fərdi sahibkarların depozitləri üzrə isə 6 faiz olaraq müəyyənləşib. Yəni bankların cəlb etdikləri depozitlərə görə Mərkəzi Bankda saxlamalı olduqları məcburi ehtiyat faizi artırılıb. 

Maraqlıdır, mövcud qərar kredit faizlərinin artırılmasına gətirib çıxara bilərmi?

Mövzu ilə bağlı danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov qeyd edib ki, ehtiyat faizinin artırılması Mərkəzi Bankın pul siyasəti alətlərindən biridir:

“Xatırladım ki, Mərkəzi Bank pul siyasətini, əsasən, qiymətlərin sabitliyi üçün yürüdür. Yəni inflyasiya ilə mübarizə aparır. İnflyasiya təhlükəsi çoxalanda Mərkəzi Bank ehtiyat faizi artırır və bir növ dövriyyədə olan vəsaiti yığışdırır, pul həcmini azaldır ki, banklar az kredit verə bilsinlər. Bununla da qiymət artımının qarşısı alınır. Gəlin digər alətlərə baxaq, məsələn, Mərkəzi Bankın uçot dərəcəsi də niyə artan xətlə gedir? Çünki çalışır ki, az kredit götürülsün. Bir növ iqtisadi aktivliyi azaldır ki, qiymət artımının qarşısı alınsın və bu, bütün dünyada tətbiq olunan praktikadır”. 

Ekspert onu da vurğulayıb ki, iqtisad elminə görə, ehtiyat faizinin artırılması, əlbəttə ki, kredit üzrə faizlərin artmasına aparmalıdır:

“Sağlam məntiqə görə, banklar üçün pul nə qədər çox bahalaşırsa, bankların verdiyi kreditlər üzrə faizlər də bir o qədər artır. Amma mən güman etmirəm ki, bu bizdə böyük dərəcədə faiz artımına gətirər. Çünki onsuz da kredit faizləri kifayət qədər yüksəkdir”.

Oxu.Az