bas-nazir-icbari-tibbi-sigortanin-butun-olkede-tetbiqinden-danisdi

Baş nazir icbari tibbi sığortanın bütün ölkədə tətbiqindən danışdı


İcbari tibbi sığorta sistemi 2020-ci ildən bütün ölkədə tətbiq olunacaq.

İnsider.az bildirir ki, bu barədə Baş nazir Novruz Məmmədovun “Azərbaycan” qəzetində dərc edilən məqaləsində deyilir.

N.Məmmədov qeyd edib ki, 2018-ci ilin 11 aprel seçkilərindən sonra sosialyönümlü islahatlarda keyfiyyətcə yeni mərhələnin başlanması, xüsusən də bu ilin əvvəlindən başlayaraq əhalinin aztəminatlı və imtiyazlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən kompleks tədbirlərin həyata keçirilməsi Azərbaycanın “sosial dövlət” konsepsiyasına sadiqliyinin bariz göstəricisidir:

“Yürüdülən uğurlu iqtisadi siyasət – çevik və şəffaf vergi-gömrük islahatları nəticəsində son aylarda ölkəmizin maliyyə imkanlarının daha da artması ilə paralel dövlət başçısı uğurlu sosial islahatlar paketinin reallaşdırılmasını təmin edib. Təkcə onu demək lazımdır ki, bu prosesin əyani təzahürü olaraq icbari tibbi sığorta sisteminin tətbiqi təmin edilib, bu sistemin 2020-ci ildən bütün ölkədə tətbiqi nəzərdə tutulub”.

Bildirilir ki, daha sonra İşsizlikdən Sığorta Fondunun yaradılması, məşğulluq strategiyasının qəbulu, ünvanlı sosial yardımın əhatə dairəsinin genişləndirilməsi, özünüməşğulluq proqramlarının təmin edilməsi sosial islahatların mühüm tərkib hissəsidir.