"Gələn ilin yanvarından Azərbaycanda hər kəsə ölkə miqyasında icbari tibbi sığorta xidməti göstəriləcək".
İnsider.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib.
Onun sözlərinə görə, hazırda icbari tibbi sığorta barədə işlər aparılır: "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərkibinə keçən xəstəxanaların hazır vəziyyətə gətirilməsi üçün işlər aparılır və hüquqi normativ sənədlər hazırlanır. Vətəndaşlara müxtəlif kateqoriyalar üzrə xidmət göstərilməsinin maliyyələşməsi ilə bağlı formalar fərqli olacaq. Təbii ki, pensiyaçılar, əlillər dövlət tərəfindən sığortalanacaq".
Baş nazirin müavini deyib ki, digər kateqoriyadan olan əhali isə icbari tibbi sığorta haqqını ödəməklə xidmətdən faydalanacaqlar: "Burada muzdlu işçilər üçün bir qayda nəzərdə tutulub. Onların əməkhaqqından, işə götürənin isə qazancından müəyyən faizlərin Dövlət Agentliyinə ödənilməsi nəzərdə tutulur. Muzdlu əməklə məşğul olmayanlar üçün müəyyən bir məbləğ müəyyənləşəcək. Bu ödəniş də o qədər böyük deyil".
©"Report"