bas-prokurorluqdan-general-leytenantin-hebsile-bagli-xeberlere-munasibet

Baş Prokurorluqdan general-leytenantın həbsilə bağlı xəbərlərə münasibət

Rövşən Əkbərovun həbsi rəsmən təsdiqləndi

Baş Prokurorluq ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbs edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qurumun mətbuat xidmətindən sorğusuna cavab olaraq bildirilib ki, Rövşən Əkbərovun həbsi barədə yayılan xəbərlər doğrudur. Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs olunub.

Qeyd olunub ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.

Xatırladaq ki, mətbuatda Rövşən Əkbərovun həbs edildiyi və barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbirinin seçildiyi bildirilir.

İddia olunur ki, bir müddət əvvəl ordudan ehtiyata buraxılan Rövşən Əkbərov qəsdən adam öldürmədə ittiham olunur. Bu barədə vaxtilə mətbuatda məlumatlar da yer alıb. 

Dövri mətbuatda vaxtilə yayılan məlumatlara görə, cinayət hadisəsi 19 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə baş verib. Məlumata görə, Rövşən Əkbərov Kiyevdə iş adamı Elçin Əliyevi şəxsi münasibətlər zəminində qətlə yetirib. Vaxtilə mətbuatda yayılan məlumatlara görə, azərbaycanlı iş adamının ürək nahiyəsinə hərbi bıçaqla zərbələr endirilmişdi.