bayer-2-milyard-dollar-cerimelenib

“Bayer” 2 milyard dollar cərimələnib

Kaliforniyanın (ABŞ) dairəvi məhkəməsi alman konserni olan “Bayer”-i 2 milyard dollardan çox məbləğdə cərimələyib.

İnsider.az-ın məlumatına əsasən, korporasiya həmçinin лaliforniyalı ər-arvada 55 milyon dollar ödəməlidir. İddiaçılar bildirirlər ki, “Bayer”-ə daxil olan “Monsanto” şirkəti tərəfindən istehsal edilən alaq otlarına qarşı “Roundup” vasitəsindən istifadə onlarda qan xərçənginin əmələ gəlməsinə səbəb olub.

“Bayer”-in özü məhsulun təhükəsiz olduğunu deyir. Şirkət artıq məhkəmə qərarından “məyus” olduğunu ifadə edən və bu iş üzrə apellyasiya məhkəməsinə müraciət etmək niyyəti barədə danışan bəyanatını verib.

Qeyd edək ki, Kaliforniya məhkəməsinin “Roundup” herbisidi ilə bağlı müəyyən etdiyi cərimə alman konserni üçün ABŞ-da artıq üçüncü olub. Mart ayında San-Fransisko federal məhkəməsi “Roundup”-ın iddiaçı Edvin Hardimenin xərçəng xəstəliyinə tutulmasında “əhəmiyyətli faktor” olduğunu qət etmişdi və şirkəti 80 milyon dollar cərimələmişdi.

Ötən ilin oktyabrında isə şirkətə 39 milyon dollar cərimə kəsilmişdi. Ümumilikdə, ancaq elə ABŞ-da “Bayer”-in sahib olduğu “Monsanto”-ya qarşı artıq təxminən 13 min iddia qaldırılıb. Bu da alman konserninin iri maliyyə itkilərinə uğrayacağı deməkdir.

Qeyd edək ki, ötən həftə “Monsanto” ətrafında yeni qalmaqal alovlanmışdı. Fransız KİV-i “Roundup” istehsalçısının siyasətçilərə və ictimai xadimlərə dosye tərtib etdiyini aşkar etmişdi. Tərtibat hədəfdə olanların qlifosat, GMO və pestisid barədə fikirləri əsasında aparılıb. “İnsanın siyasi və fəlsəfi baxışlarını ondan xəbərsiz əks etdirən məlumat yığımı Fransada qeyri-qanunidir. Araşdırma ilə artıq ölkənin prokurorluğu və “Bayer”-in özü məşğuldur.

Samirə Məmmədova