bazar-ve-marketlerin-fealiyyet-saatlarina-gore-cerime-teleb-oluna-bilermi-huquqsunas

Bazar və marketlərin fəaliyyət saatlarına görə cərimə tələb oluna bilərmi?- Hüquqşünas

“Marketlərin, alış- veriş məntəqələrinin açılıb bağlanma saatlarına qoyulan limitlə bağlı qanunən hər hansı bir tələb yoxdur”.

Bunu hüquqşünas, vəkil Səməd Vəkilov İnsider.az-a mağaza, supermarket və bazarların fəaliyyət saatlarının qanunvericilikdə tənzimlənməsi barədə danışarkən bildirib:

“Bəzi marketlər 24 saat işləyir. Burda əsasən qanunvericiliyə tabe olan marketin işçilərinin iş saatı məsələsidir. Sahibkar işçini Əmək məcəlləsində nəzərdə tutulandan artıq işlədə bilməz. 8 saatdan çox işlədilirsə, ona ikiqat maaş ödənməlidir. Yəni marketin neçədə açılıb bağlanmasından asılı olmayaraq işçilərin iş saatı üçün nəzarət var. Əsas odur ki, işçinin iş vaxtı üzrə əmək haqqı verilsin. Bu yalnız marketlərdə satıcılara aid deyil. Bütün sahələrdə bu qanunvericiliyə əsasən tənzimlənir. 

Ancaq şənbə və bazar günləri, bayram günləri işçilər işlədilirsə, ona ikiqat əməkhaqqı ödənməlidir. Bir də hava 42 dərəcədən çox olarsa, işçi nazirliyin qərarı ilə işləməməlidir. Bu məhdudiyyətlər maddi hüquq normalarıdır. Əmək qanunvericiliyinin normaları əsasında Nazirlər Kabinetinin qərarları tənzimlənir”.  

Hüquqşünas bazarlarda sahibkarlara verilən yerlərin açılıb bağlanması üçün heç bir saat tələbi olmadığını qeyd edərək cərimə tətbiqinə də aydınlıq gətirib:

“Bazar sistemində isə bazar işəgötürəndir. Sahibkara hər hansı vaxta mütləq bağlanmalıdır deyə bir norma qoymaq hər hansı qanunvericiliyə əsasən aparılmır. Bazarın işçilərinə münasibətdə əmək qanunvericiliyi tətbiq olunmalıdır. Sahibkara subyekt kimi sığorta həyata keçirilməlidir. Bu tələblərə əməl olunandan sonra 7 gün 24 saat oranı işlətmək hüququ var. Həmin sahibkara heç kəs bunu edə bilməzsən deyib hər hansı cərimə tətbiq edə bilməz. İş müddətini işəgötürən müəyyən edir.

Cərimələr inzibati akt olduğu üçün onu inzibati orqanlar həyata keçirə bilər. Bazar və ya hər hansı obyektin cərimə ödəniş tələbi qeyri-qanuni haldır. Obyektlərin fəaliyyət saatlarının tənzimlənməsi üçün qanunvericilikdə heç bir cərimə yoxdur. Bunun üçün heç kəs cərimə tələb edə bilməz”.

Nübar Lətifli