Bərdə rayonunda bazarda baş verən yanğın zamanı ziyan dəymiş mağazaların sayı açıqlanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər Yanğından Mühafizə Hissəsinin rəisi Mübariz Əliyev bildirib ki, hadisə nəticəsində ümumilikdə bazarda 80-ə yaxın mağaza yanıb.
O bildirib ki, hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
Qeyd edək ki, mayın 26-da FHN-in "112" qaynar telefon xəttinə Bərdə rayonunun Güloğlular kəndində bazar ərazisində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
Görülən operativ tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasının qarşısı alınaraq tam söndürülüb.
Yanğının mürəkkəbliyi nəzərə alınaraq yanğınla mübarizə məqsədilə Bərdə rayon Yanğından Mühafizə Hissəsi ilə yanaşı, Yevlax, Ağdam, Tərtər və Ağcabədi rayonlarının Yanğından Mühafizə hissələrinin də müvafiq qüvvələri cəlb olunub.
Report